...

Azərbaycanda terror əleyhinə əməliyyat qruplarının funksional vəzifələri müəyyən edilib

Siyasət Materials 19 May 2009 16:47 (UTC +04:00)
Azərbaycanda terror əleyhinə əməliyyat qruplarının funksional vəzifələri müəyyən edilib

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda terror əleyhinə əməliyyat qruplarının funksional vəzifələri müəyyən edilib.

Azərbaycan Nazirlər Kabineti "Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat"ı təsdiq edib.

Nazirlər Kabinetindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Nümunəvi Təlimat Azərbaycan ərazisində baş vermiş terror aksiyalarının əleyhinə əməliyyatların keçirilməsi üçün Əməliyyat Qərargahı tərəfindən yaradılan qrupların funksional vəzifələrini müəyyən edir.

Əməliyyat Qərargahının fəaliyyətini təmin edən əməliyyat qruplarının əsas məqsədləri terrorçuluğa məruz qalmış obyektin təhlükədən azad edilməsi, terrorçuluğa məruz qalmış mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların zərərsizləşdirilməsi, terrorçuluğa məruz qalmış obyektə ziyan vurulmasının və məhv edilməsinin qarşısının alınması, partlayıcı, kimyəvi, radioaktiv, zəhərləyici və digər təhlükəli əşya və vasitələrin aşkarlanması və zərərsizləşdirilməsi, əməliyyatlar zamanı mülki əhalinin həyat və sağlamlığına dəyə biləcək qəsdlərin (zərərin) aradan qaldırılması zamanı müvafiq tibbi və digər tədbirlərin həyata keçirilməsi və terrorun başvermə səbəb və şəraitinin araşdırılmasıdır.

Əməliyyat Qərargahının fəaliyyətinə ümumi rəhbərliyi Prezident tərəfindən təyin və azad edilən Qərargahın rəhbəri həyata keçirir.

Əməliyyat Qərargahının fəaliyyətini təmin edən əməliyyat qruplarına rəhbərliyi Qərargahın tərkibində olan müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri həyata keçirir.

Qərargah rəhbəri zərurət yarandıqda qanunvericiliklə müəyyən edilmiş qaydada terror əleyhinə aparılan əməliyyat zonasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə Prezident qarşısında vəsatət qaldıra bilər.

Terror əleyhinə əməliyyatın keçirilməsi üçün təcrid, mühasirə, zəbt, snayperlər, istehkamçı, cinayətkar hərəkətlərı qeydə alan, filtrasiya-yoxlama, təhlil, elçilər, rabitəni təmin edən, kütləvi informasiya vasitələri ilə əlaqə, ehtiyat, kəşfiyyat, axtarış, təqib, inzibati, efirə nəzarət, kinoloji, qəza-xilasetmə və tibbi yardım əməliyyat qrupları yaradılır.

Əməliyyat qruplarının rəhbərləri qarşıya qoyulmuş məsələnin həlli üçün hər bir qrup üzvünün konkret vəzifəsini müəyyənləşdirməli, şəxsi heyəti rabitə vasitələri, silah və xüsusi vasitələrlə təmin etməlidir.

Nümunəvi Təlimat Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq ilə razılaşdırılmış təklif əsasında qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti