...

İran prezidentliyinə namizədlər üçün 17 saat efir vaxtı ayrılıb

Siyasət Materials 21 May 2009 17:21 (UTC +04:00)

İran Dövlət Televiziya və Radio Yayımları şirkəti iyunun 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcək hər bir namizəd üçün 17 saat efir vaxtı ayırıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Efir vaxtı cədvəlinə əsasən, prezidentliyə namizədlər - İranın sabiq Baş naziri Mir Hüseyn Musəvi, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi, İran Prezidenti Mahmud Əhmədinejad ölkə televiziyasının birinci kanalında "Kamera ilə" adlı verilişdə 30 dəqiqə müddətində öz platformalarını açıqlayacaqlar. Bundan başqa hər bir namizəd iki dəfə müxtəlif vaxtlarda 30 dəqiqəlik reklam çarxını bu kanal vasitəsilə yayımlaya biləcək.

Namizədlər İran televiziyasının 2-ci kanalında dəyirmi masada iştirak edəcəklər. Verilişin müddəti 45 dəqiqə olacaq. İran televiziyasının 3-cü kanalında teledebatlar təşkil ediləcək. Namizədlər, həmçinin İran televiziyasının 4-cü kanalında namizədlər 60 dəqiqəlik verilişdə ekspertlərin suallarını cavablandıracaqlar. İranın İRİNN xəbər kanalında da namizədlərə 30 dəqiqəlik efir vaxtı ayrılıb. Namzidələrə ölkədən kənarda yaşayan iranlılar üçün platformalarını açıqlamaq məqsədi ilə "Jamejam" beynəlxalq kanalında 60 dəqiqəlik efir vaxtı ayrılıb.

Hər bir namizəd radio vasitəsilə də öz təbliğatını apara biləcək. Ümumilikdə namizədlərin hər biri üçün radio və televiziyada 17 saat efir vaxtı ayrılıb.

Xəbər lenti

Xəbər lenti