Azərbaycan Prezidenti İlham Əliyev cümə günü akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışında iştirak edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Binanın baş planı ilə tanış olan dövlət başçısına inşaat işləri haqqında məlumat verilib. Sonra Prezident institutun yeni binasının açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Dövlət başçısı akademik Zərifə Əliyevanın binanın foyesindəki büstü qarşısında ayaq saxlayıb, görkəmli oftalmoloq alimin xatirə muzeyi ilə tanış olub, institutun şöbələrini gəzib.
Prezident İlham Əliyev institutun akt zalında kollektiv qarşısında çıxış edib.
Dövlət başçısı Azərbaycanda sosial istiqamətdə, o cümlədən səhiyyə sahəsində görülən işlərdən danışıb, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun kollektivini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib.
Sonda Prezident İlham Əliyev institutun səyyar klinika aparatı ilə də tanış olub.