...

Ermənistan regionda artistizmlə məşğul olmasın – Türkiyənin xarici işlər naziri

Siyasət Materials 26 May 2009 13:47 (UTC +04:00)
Ermənistan regionda artistizmlə məşğul olmasın – Türkiyənin xarici işlər naziri

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R. Hafizoğlu /

"Ermənistan regionda artistizmlə məşğul olmasın" - rəsmi Yerevanın ünvanına belə bir ismarıc ilə çərşənbə axşamı Bakıda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.

"Azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağ və Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi məsələsinin Türkiyə üçün çox vacib olduğuna əmin etmək istəyirəm və qoy heç kim buna şübhə etməsin", - deyə Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə aparılan danışıqların yekununda jurnalistlrə bildirib.

"Regionda dondurulmuş münaqişə bomba kimidir, hər an partlaya bilər", - deyə Türkiyənin XİN rəhbəri bildirib. Türkiyəli nazir hesab edir ki, məhz buna görə münaqişənin həlli üçün danışıqları davam etdirmək lazımdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən korlanan münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin korlanmasına səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı" tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da dünya futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etmək üçün Yerevana dəvətini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

Türkiyə ictimaiyyətinin müxtəlif dairələrinin nümayəndələri Ermənistan ilə sərhədlərin açılacağını güman edirlər ki, bu, Azərbaycan ictimaiyyətini çox narahat edir. Lakin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 12-13 may tarixlərində Bakıya səfəri zamanı Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistan ilə əməkdaşlıq imkanlarını istisna edib.

Türkiyənin xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin iyunun əvvəlində Sankt-Peterburqda keçirilməsi gözlənilən görüşlərinə mühüm əyhəmiyyət verib. "Bu tarixi anı qaçırtmaq olmaz", - deyə Davudoğlu bildirib.

Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda keçiriləcək iqtisadi forum çərçivəsində görüşməyi və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yollarını müzakirə etməyi planlaşdırırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti