...

Nüvə proqramı - İran Prezidentinin yeganə sipəri: Trend News-un icmalçısı

Siyasət Materials 6 İyun 2009 08:50 (UTC +04:00)
Nüvə proqramı - İran Prezidentinin yeganə sipəri: Trend News-un icmalçısı

Trend News-un Fars redaksiyasının rəhbəri Dalga Xatınoğlu

İranda prezident seçkilərinin təbliğat kampaniyaları, xüsusuilə də İran rəsmi telekanalında namizədlərarası canlı debatlar xalqda bir xeyli həvəs və həyəcan yaradıb. Bu debatlar xalq üçün tamamilə yenilikdir. Xüsusilə də prezidentliyə namizəd sabiq Baş nazir Mir Hüseyn Müsəvi ilə Əhmədinejad arasında televiziya ilə yayımlanan həyəcanlı debatdan sonra əhali öz namizədlərini dəstəkləmək məqsədi ilə gecəni küçə və meydanlarda keçirirək öz təəssüratlarını bir-biri ilə bölüşüblər.

ABŞ-da 49 il bundan əvvəl prezident seçkiləri ərəfəsində Riçard Nikson ilə Con.F Kennedinin debatını dünya həvəslə izləyirdi. Düşünürəm ki, İranda namizədlərarası debatlarda da maraqlı məqamlar var, xüsusilə də populist şıxışlı və emosional Prezident Mahmud Əhmədinejadın açıq-aşkar ifşaları və iddialı fikirləri diqqəti cəlb edir.

Əhmədinejadın Musəvi ilə debatında əsəbi şəkildə sabiq Prezident Əli Əkbər Rəfsəncanini və bəzi yüksək vəzifəli şəxsləri korrupsiya, qanunsuzluq, diktatura və digər cinayətlərdə ittiham etməsi, həmçinin nüvə proqramına və onun prezidentlik dövründə bu sahədə əldə olunmuş nailiyyətləri tez-tez xatırlatması göstərir ki, Əhmədinejad söhbətin öz xeyrinə dəyişməyə çalışırdı. O, öz çıxışı ilə ölkədə mövcud olan 25 faizlik inflyasiya, İranın beynəlxalq ictimaiyyətdən təcrid olunması, son dörd ildə ixracatdan əldə olunmuş 330 milyard dolların haraya xərclənməsinin məlum olmaması və İranın Ali Hesablama Palatasının bununla bağlı hökuməti ittiham etməsi, eləcə də ölkədə söz azadlığı və mədəni azadlığın minimuma endirilməsi kimi məsələlərin marağında olmadığını göstərdi.

Debat zamanı Musəvi Əhmədinejadı "yalançı, mövhumatçı, qanunsuzluq edən, xəyalpərəst" bir şəxs kimi tənqid etdi. İran Prezidenti Əhmədinejad isə Musəvinin həyat yoldaşının dokturluq diplomunun saxta olduğunu deyərək, onun arxasında dayananları korrupsiyada günahlandırdı.

Ən maraqlı məqam budur ki, Əhmədinejad İranın sabiq prezidentlərini Qərbin qarşısında baş əymək və güzəştə getməkdə ittiham etdi və özünün hakimiyyəti dövründə nüvə proqramının sürətlə inkişaf etdiyini bildirdi. Əslində, Əhmədinejad bu taktika ilə debat zamanı iqtisadi və daxili məsələlərə toxunmamağa çalışırdı. Musəvi isə ötəri şəkildə olsa da bu məsələlərə toxundu, lakin bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılmadı.

Musəvinin ağır və ciddi imici, Əhmədinejadın isə istehzalı gülüşləri və ifşaları yenə də Nikson ilə Kennedinin 1960-ci ildə debatını xatırladır. Gənc Kennedi, Ağ Evdə səkkiz illik təcrübəsi olan Niksonun istehzalarına da belə diqqət və ciddiyyətlə qulaq asıb məntiqlə danışmağa çalışırdı. Özünün qələbəsinə əmin olan Nikson Kennediyə tamamilə etinasız yanaşırdı. Sonda isə Kennedi qalib gəldi.

Əhmədinejadın radikal və əsəbi bəyanatı seçkiqabağı bütün cinahlarda "ifşaçılıq" atmosferinin yaranmasına səbəb olub. Sabiq Ali Təhlükəsizlik Şurasının Baş katibi və İranla Qərb arasında nüvə proqramı barədə müzakirə heyətinin rəhbəri Həsən Ruhani Əhmədinejadın nüvə proqramı ilə bağlı verdiyi bəyanatlarını "ax maqcasına və aldadıcı" adlandırıb.

Ruhani Əhmədinejadı seçkiqabağı atmosferi "çirkləndirməkdə" ittiham edib və onu açıq şəkildə "yalançı və axmaq" adlandırıb. Mehr agentliyinin yaydığı bəyanatda Ruhani İran Prezidentini 330 milyard dollarlıq neft və qeyri-neft sektorundan gələn gəlirləri haraya "dağıtdığına" aydınlıq gətirməyə çağırıb. Bu növ müraciətlər seçkiqabağı gözlənilməz olmasa da, adi deyil.

Hər halda, Əhmədinejadın "Axilles dabanı" olan iqtisadiyyat və ölkənin beynəlxalq ictimaiyyətdən təcrid olunması məsələsi digər namizədlərin əsas manevr meydanına çevrilib və hadisələrin bu cür davam etməsi növbəti prezident seçkilərinin nəticəsinə həlledici təsir göstərə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti