...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti təlim keçirir – FOTOSESSİYA

Siyasət Materials 15 İyun 2009 11:14 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti təlim keçirir – FOTOSESSİYA

Azərbaycan, Bakı, 15 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda iyunun 10-da başlanan çimərlik mövsümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) hazırlıq işlərini başa vurub və gücləndirilmiş iş rejiminə keçib.

Mövsümə hazırlıqla bağlı görülən işlər, xilasedicilərin hazırlığı ilə tanışlıq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) "Şıx-2" məntəqəsində və orada yerləşən Təlim Tədris Mərkəzində olduq və keçirilən təlim prosesində iştirak etdik.Təlim zamani  xilasedicilər operativ reaksiya göstərərək şərti boğulan vətəndaşı xilas ediblər . Təlim zamanı müəyyən olundu ki, boğulan vətəndaş vaxtında xilas olundu və ona  tibbi yardım gostərildi.

DSXX-ni təbliğat və təşkilat sektorunun müdiri Mübariz Zeynalov mövsümə hazırlıqla bağlı görülən işlər haqqında Trend -a bildirib ki, DSXX-nin respublika üzrə 43 məntəqə və postu mövcuddur. Bütün məntəqə və postlarda dislokasiyanın, çimərlik yerlərinin, suyun dibinin təmizlənməsi və dərinliyin ölçülərək təhlükəsiz çimərlik yerlərinin müəyyənləşdirilməsi, məhdudlaşdırıcı buyların (şarlar) düzülməsi prosesi başa çatıb.

Bütün məntəqələrin texnika və avadanlıqla tam təmin olduğunu deyən sektor müdiri bildirib ki, bu mövsümdə məntəqələrə 100-ə yaxın motorlu qayıq, 15 skuter və 5 kvadratsikl verilib.

Zeynalovun sözlərinə görə, bu il ilk dəfə olaraq xilasetmə əməliyyatları zamanı skuterlərdən istifadə olunacaq. Xidmətin kadr potensialının gücləndirildiyini deyən Zeynalov bildirib ki, bu məqsədlə təcrübəli mütəxəssislərin iştirakı ilə 2 dəfə dalğıc, bir dəfə isə motorçu-sükançı kursları, həmçinin şəxsi heyətin peşə hazırlığını yüksəltmək üçün S-1 və S-2 texniki minimum itahanları keçirilib.

Xidmət iyunun 10-dan 350 peşəkar heyətlə gücləndirilmiş iş rejiminə keçib. Çimərlik mövsümündə 43 məntəqədə əlavə, ehtiyac olan ərazilərdə daşınan və mövsümi postlar yaradılacaq.

Zeynalov bildirib ki, ötən mövsümlərdə özəl çimərliklərin xilasedicilərlə təmin olunmaması, həmin çimərliklərdə spirtli içkilərin satılması dənizdə boğulma hallarının artması ilə nəticələnirdi.

"Ötən mövsümdə bizim nəzarət etdiyimiz ərazilərdə bir boğulma faktı belə qeydə alınmamışdı. Boğulmalar daha çox texniki qəzalar, intiharlar, nəzarətsiz və təhlükəli ərazilərdə çimmək səbəbindən baş verib" - Zeynalov vurğulayıb.

Sektor müdiri deyib ki, mövsümə başlamazdan öncə bütün özəl çimərlik sahiblərinə nəzarət etdikləri çimərliyin xilasedicilərlə təmin olunması, sprirtli içkilərin satışına icazə verilməməsi ilə bağlı xəbərdarlıq edilib və bunun təmin olunması üçün müvafiq iş görülməsi xahiş olunub.

Zeynalovun sözlərinə görə, özəl çimərliklərin sahibləri çox hallarda bu məsələlərə əhəmiyyət vermir və nəticədə arzuolunmaz hadisələr baş verir.

Çimərliklərin tibbi xidmətlə təmin olunması üçün Səhiyyə Nazirliyinə müraciət olunduğunu deyən Zeynalov bildirib ki, nəzarət etdikləri bütün məntəqələrdə təcili yardım briqadaları fəaliyyət göstərəcək.

Mövsüm ərzində boğulma hallarının minimuma endirilməsi üçün DSXX-nin məntəqələrinin yerləşdiyi rayonlardakı orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında da maarifləndirmə işləri aparılıb.

DSXX əhalidən xahiş edir ki, xilasetmə texnika və avadanlıqları ilə təmin olunub xilasedicilərin xidmət apardığı yerlərdə çimsinlər, sərxoş halda dənizə girməsinlər və xəbərdaredici lövhələrin tələblərinə əməl etsinlər.

---ünvanı üzrə digər şəkillərə baxmaq olar http://photo.trend.az/?newsid=1488159

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti