...

Azərbaycan parlamentində ABŞ Konqresinin Dağlıq Qarabağa növbəti dəfə maliyyə yardımı ayırması niyyətinə etiraz bildirilib

Siyasət Materials 19 İyun 2009 13:02 (UTC +04:00)
Azərbaycan parlamentində ABŞ Konqresinin Dağlıq Qarabağa növbəti dəfə maliyyə yardımı ayırması niyyətinə etiraz bildirilib

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı ABŞ Konqresinin Dağlıq Qarabağa növbəti dəfə maliyyə yardımı ayırması niyyətinə etirazını bildirib.

"ABŞ Azərbaycanın strateji tərəfdaşıdırsa, bu ölkənin separatçılara dəstək verməsinə mütləq parlament adından etiraz edilməlidir", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Trend -un arayışı: 2009-cu il üçün ABŞ Administrasiyası Dağlıq Qarabağa 8 milyon dollar məbləğində yardım ayırmışdır. 2010-cu il üçün də belə bir yardımın ayrılması nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı mövqeyi ilə Dağlıq Qarabağ separatçılarına müxtəlif yardımlar göstərməsi tamamilə bir-birinə zidd olan mövqedir.

"Əgər ABŞ Konqresi işğalçı rejimə bu cür dəstəklər verəcəksə, onda Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə necə nail ola biləcək", - millət vəkili əlavə edib.

Həsənquliyev deyib ki, məsələ parlamentin müvafiq komitəsində müzakirə olunmalı və etiraz bəyanatı qəbul edilməlidir.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti