...

Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır – ATƏT-in fəaliyyətdə olan sədri

Siyasət Materials 30 İyun 2009 18:08 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır – ATƏT-in fəaliyyətdə olan sədri

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir Y.Ostapenko /

Azərbaycan Cənubi Qafqazda və bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Dora Bakoyannis bildirib.

"Ötən həftənin sonu Yunanıstanın Korfu adasında Avropa təhlükəsizliyinin bu günü və gələcəyi barədə etdiyimiz müzakirələr göstərib ki, biz bu istiqamətdə böyük irəliləyişə nail olmuşuq. Lakin daha çox işlər görülməlidir və yeni təhlükəsizlik problemləri bizim təhlükəsizliyə sadiqliyimizi sınaqdan keçirəcək. Mən Korfuda başlanılmış dialoqun səfər zamanı davam etdirilməsini səbrsizliklə gözləyirəm", - Yunanıstanın xarici işlər naziri Bakoyannisin bəyanatında deyilir.

"Bakoyannisin ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana səfəri təşkilat üçün narahatlıq doğuran problemlərin və eyni zamanda böyük imkanların olduğu bir dönəmdə baş tutur", - bəyanatda deyilir.

"Sizin də agah olduğunuz uzun müddətdir davam edən münaqişələr hələ də regiona öz kölgəsini salmaqdadır. Amma bu sahədə də biz irəliləyiş müşahidə edirik. Korfu görüşündən əvvəl, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Parisdə görüş keçiriblər. Bu görüşdən əvvəl isə Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyan təkcə son bu il ərzində beş görüş keçirib", - məlumatda bildirilir.

"Danışıqlar prosesi zamanı müşahidə olunan son irəliləyişlər və tərəflər arasında baş tutan konstruktiv müzakirələr məni ümidləndirir. Müzakirələrdə müsbət hərəkət mövcuddur. Bu da gələcək danışıqlar üçün çox əhəmiyyətlidir. Mən Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və qarşılıqlı etimadın yaradılması istiqamətində şəxsi nümayəndəm səfir Anjey Kasprşikin həyata keçirdiyi işi tam dəstəkləyirəm. Lakin münaqişə zonasında baş verən insidentlər narahatlıq doğurur və mən hər iki tərəfi atəşkəs sazişini tam yerinə yetirməyə və həmsədrlərin təklif etdiyi kimi, snayperləri təmas xəttindən geri çəkməyə çağırıram", - Bakoyannis bildirib.

"Mən həmçinin Azərbaycanın ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə dialoqunu və ATƏT-də daxil olmaqla, beynəlxalq ictimaiyyətlə dialoq qurmaq niyyətini müsbət qarşılayıram və ümid edirəm ki, media üçün hüquqi mühitin yaxşılaşdırılması və QHT-lər haqqında qanunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Azərbaycan və ATƏT bundan sonra da birgə işləyə biləcək", - Bakoyannis bəyan edib.

"Açıq dialoq, sağlam vətəndaş cəmiyyəti və azad mətbuat demokratik proseslər uçün çox önəmlidir və bunlar ATƏT-ə üzv dövlətlərin imzaladığı əsas öhdəlikləri təmsil edir. ATƏT və cəmiyyət dəstəkli polis layihəsindən tutmuş seçki qanunvericiliyinə kimi Azərbaycanla müxtəlif sahələrdə əla əməkdaşlıq etməyə, ATƏT-in Bakı Ofisi demokratik islahatları davam etdirmək üçün Azərbaycana kömək etməyə hazırdır. ATƏT, həmçinin ötənilki prezident seçkilərində göstərilmiş irəliləyişə əsaslanaraq, bu ilin dekabrında keçiriləcək bələdiyyə və gələn il baş tutacaq parlament seçkilərində də Azərbaycana kömək etməyə hazırdır", - bəyanatda deyilir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti