...

Azərbaycanda son 15 ildə odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb -daxili işlər naziri

Siyasət Materials 2 İyul 2009 11:21 (UTC +04:00)
Azərbaycanda son 15 ildə odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb -daxili işlər naziri

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ötən 15 ildə odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb, daxili işlər naziri Ramil Usubov rəsmi mətbuata verdiyi müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu müddətdə əllərdə qanunsuz saxlanılan 30 minə yaxın odlu silah yığılıb. Ötən 15 il ərzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri vasitəsilə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Respublika ərazisində qəsdən adam öldürmələr, quldurluqlar, soyğunçuluqlar və s. xüsusilə ağır cinayətlər də 3 dəfə azalıb.

Bu müddətdə axtarışda olan 70 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 3 tondan çox narkotik vasitə çıxarılıb.

Usubov qeyd edib ki, son illər bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma tendensiyası müşahidə olunur və ayrı-ayrı qanun pozuntularının baş verməsi isə proqnozlaşdırılan çərçivədən kənara çıxmır.

"Artıq uzun illərdir ki, Azərbaycan əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla, asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə, o cümlədən əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti