...

G8 ölkələri İrana diplomatik danışıqlar üçün şans verəcəklər - ekspertlər

Siyasət Materials 4 İyul 2009 09:00 (UTC +04:00)
G8 ölkələri İrana diplomatik danışıqlar üçün şans verəcəklər - ekspertlər

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir T.Cəfərov /

"Böyük səkkizlik" ölkələri başçılarının sammitində İranla diplomatik danışıqlara üstünlük verilməsi məsələsi ilə yanaşı, bu ölkəyə qarşı gələcəkdə öhdəliklərini yerinə yetirmədikdə hansı sərt addımların atılması məsələsi də müzakirə olunacaq.

"Böyük səkkizllik ölkələri başçılarının sammitində İrana danışıqlar aparmaq üçün şans veriləcək, lakin bununla yanaşı, İran daxili məsələləri həll etmədikdə, gələcəkdə öhdəliklərini yerinə yerimədikdə və əməkdaşlıq etmədikdə nə kimi addımlar atılacağı məsələsi də müzakirə olunacaq", - deyə Qlazqo Universitetinin professoru, Londonda fəaliyyət göstərən iranlı ekspert Rza Təqizadə (Reza Taghizadeh) Trend -a bildirib.

"Böyük səkkizlik" (G8) ölkələri dövlət başçılarının sammiti iyulun 8-10-da Italyanın L'Aquila   şəhərində keçiriləcək. Sammitdə müxtəlif məsələlər, o cümlədən dünya maliyyə böhranı və müxtəlif regional böhranlar, qida təhlükəsizliyi, iqlim dəyişikləri ilə mübarizə və İran,Yaxın Şərq, Əfqanıstan, İraq, Afrika və Latin Amerikasındakı vəziyyət müzakirə olunacaq. İtalyanın Baş naziri Silvio Berluskoni ötən həftə keçirdiyi mətbuat konfransında bildirib ki, G8 ölkələri dövlət başçılarının sammitində İrandakı vəziyyət əsas müzakirə predmeti olacaq. Berluskoninin fikrincə, sammitdə İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Təqizadənin sözlərinə görə, ABŞ İrana qarşı yeni siyasət kursu yürütmək niyyətində olduğu bir vaxtda G8 ölkələrinin bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsi ehtimal olunmur. "Hazırkı şəraitdə G8 ölkələri İranla diplomatik danışıqlar aparmağın tərəfdarıdır, lakin bununla yanaşı, İranın daxilində baş verən hadisələri diqqət mərkəzində saxlayacaqlar", - deyə Təqizadə bildirib.

Almaniya kansleri Anqela Merkel cümə axşamı bu ölkənin parlamentində çıxışı zamanı İranda keçirilən prezident seçkilərindən sonra baş verən hadisələrə toxunaraq bildirib ki, G8 ölkələri başçıları "hər gün həbs olunan xalqın" yanında olduğunu göstərməli və İran xalqının diqqət mərkəzindən kənarda qalmaması üçün əlindən gələni etməlidir. Merkel əlavə edib ki, İranda baş verən hadisələr bu ölkənin nüvə proqramını kölgə altına almamalıdır. O həmçinin ABŞ prezidenti Obamanın İranla nüvə proqramına dair birbaşa danışıqlar aparmaq siyasətini dəstəklədiyini bildirib.

İranın Milli Maraqlarının Müdafiəsi üzrə Təşkilatın baş katibi Səid Yarinin fikrincə, Qərb ölkələri İranda seçkilərdən sonra baş verən hadisələrdən bu ölkədən güzəşt əldə etmək məqsədi ilə bəhanə kimi istifadə edir. "İranda baş verən son hadisələr Qərb ölkələrinin əlinə İrandan yeni imtiyazlar almaq üçün bəhanə verib. G8 ölkələrinin iclasında İranda insan haqlarının pozulması və demokratiyanın olmaması kimi məsələlərə etiraz olunaraq sərt mövqe tutulacaq. İran da öz mövqeyini bildirəcək", - deyə Yari cümə günü Tehrandan telefonla bildirib.

İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı prezidenti Əhmədinejad səslərin 62,63%-i toplayıb. Onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75%-i toplayıb. Musəvi seçkilərin nəticələri rəsmi şəkildə elan olunmamışdan öncə öz qələbəsi barədə məlumat verib. Sonradan isə hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. İran polis orqanlarının sədri general İsmayıl Əhmədi Müqəddəmin sözlərinə görə, ölkədə baş verən son hadisələrdə 1032 nəfər həbs olunub, onların əksəriyyəti azadlığa buraxılıb. Rəsmi məlumatlara görə, 20 nəfər, qeyri-rəsmi məlumatlara əsasən, 150 nəfər həlak olub. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Təqizadənin fikrincə, sammitdə müzakirələrin davamı ilə yanaşı yeni siyasi sanksiyalar, səfirlərin geri çağırılması, iqtisadi və benzin sanksiyalarının tətbiqi kimi məsələlər də müzakirə olunacaq.

Yarinin fikrincə, G8 ölkələrinin sammitində İrana qarşı hansısa sanksiyaların tətbiq olunması məsələsi müzakirə olunsa da, danışıqların davam etdirilməsinə üstünlük veriləcək. "İrana qarşı sərt addımlar, o cümlədən Avropa ölkələrinin İrandakı səfirlərinin geri çağırılması kimi məsələlər baş tutmayacaq. Ona görə ki, İran yüksək geosiyasi və geostrateji şəraitə malikdir. Bu kimi addımların atılması beynəlxalq aləmdə yeni atmosfer yaradacaq və bu həm İranın, həm də Qərb ölkələri və ABŞ-ın xeyrinə olmaya bilər", - deyə Yari bildirib.

ABŞ və Qərb İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı müxtəlif qətnamələr və sanksiyalar tətbiq edib. Amerika ehtimal edir ki, İran terrorçuları dəstəkləyir və kütləvi qırğın silahları hazırlayır.

İrana qarşı ilk sanksiya 1979-cu ildən tətbiq olunub. O vaxtdan bu sanksiyalar mütəmadi olaraq ABŞ tərəfindən uzadılır və genişləndirilir. 2003-cü ildən etibarən, üç il müddətində rəsmi Tehran uranın zənginləşdirilməsi planını dayandırsa da, 2006-cı ildən bu planı inkişaf etdirir. BMT Təhlüləsizlik Şurası bu səbəbdən nüvə proqramını dayandırmaq məqsədilə İrana qarşı 3 sanksiya və 5 qətnamə qəbul edib.

Yarinin fikrincə, hazırda G8 sammitindən İrana qarşı pisxoloji təzyiq kimi istifadə olunur. Lakin beynəlxalq aləmdəki mövcud atmosfer onların İrana qarşı sərt addım atmalarına imkan vermir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti