Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir Т.Konyayeva /
İran prezidentliyinə sabiq namizəd Mir Hüseyn Musəvinin yaxın zamanlarda formalaşdırmağı planlaşdırdığı siyasi cəbhəsi hökuməti qorxudur, müxalifətçilərə isə ölkədə mümkün siyasi dəyişikliklərin olacağı ilə bağlı ümidlər verir. Lakin onlar və digərləri hazırkı şəraitdə yeni siyasi birliyin yaradılması imkanlarına şübhə edirlər.
"Son 30 il ərzində İranda siyasi cəbhə yaratmaq imkanları olmayıb, hazırkı hakimiyyətin də bu kimi imkanları yoxdur. İrandakı hazırkı hakimiyyət İran İslam Keşikçiləri Korpusudur (Sepah) və bu hökumətdə hər hansı bir partiyanın və ya siyasi cəbhənin yaranması haqqında qərarı hərbçilər qəbul edir. Düşünürəm ki, hər hansı bir siyasi birləşmənin yaranmasına imkan verməyəcəklər", - deyə Trend -a Parisdən telefonla İran əsilli ekspert Hüseyn Lacivərdi (Hossein Lajevardi) bildirib.
Hazırkı hakimiyyət nümayənədələri hesab edirlər ki, müxalifət qüvvələrinin, xüsusilə Musəvi və onun tərəfdaşlarının hərəkətləri ölkədəki hazırda mövcud olan bütün qanunları pozaraq hökumətin inamını sarsıtdı. Buna görə də siyasi cəbhənin yaradılması haqqında məsələ Musəvinin və onun tərəfdaşlarının qanunun hər nöqtəsinə riayyət etməsi istəyindən və buna hazır olmasından asılıdır.
"Hər hansı bir partiyanın, cəbhənin, siyasi hərakatın yaranması mümkündür, lakin bir şərtlə - onların fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Sonuncu hadisələr zamanı cənab Musəvi və onun tərəfdaşları qanundan kənar fəlaiyyət göstəriblər. Buna görə də Musəvi siyasi cəbhə yaratmaq istəyirsə, ilk növbədə hazırkı dövlət normalarını gözləməlidir", - deyə Trend -a telefonla İranın Təhlükəsizlik üzrə Parlament Komissiyasının vitse-prezidenti İsmayıl Kosari (Esmaeil Kosari) bildirib.
Bu həftə İran KİV-i prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin yaxın zamanlarda yeni siyasi cəbhə formalaşdırmaq niyyəti barədə məlumat yayıb. Bu qərarında o, nüfuzlu siyasi fiqurların dəstəyini alıb. Musəviyə bu kimi siyasi cəbhənin yaradılmasını tövsiyə edən ilk qruplaşmalardan biri "Karqozaran" patiyasıdır (Servants of the Construction Party-nin qurucusu). O, Musəvinin siyasi qruplaşmasına qoşulmağa hazır olduğunu bildirib.
Sonuncu prezident seçkiləri xalqın öz istəklərini ifadə etmə şanslarını azaldan ölkədə güclü siyasi təşkilatların çatışmalığını aşkara çıxardı.
"Karqozaran" partiyasının mətbuat katibi Hüseyn Maraaşinin sözlərinə əsasən, ölkədəki sonuncu hadisələr göstərdi ki, bu kimi cəbhə mövcud olsaydı iyunun 12-də keçirilən prezident seçkilərindən sonrakı hadisələrdən qaçmaq olardı. O qeyd edib ki, yaranacaq cəbhə Konstitusiya əsasında xalqın hüquqlarını, azadlıq və öz gələcəyini təyin etmə hüquqlarını müdafiə edəcək.
Lakin Musəvi və onun tərəfdarlarının qətiyyətinə və İran Konstitusiyasında siyasi partiya və birləşmənin yaradılması hüququnun olmasına baxmayaraq, hazırda yeni siyasi cəbhənin yaradılması hələ böyük sual altındadır.
İran Tədqiqatlar Assosiasiyasının (Association of Iranian Researchers) sədri Lacivərdinin sözlərinə əsasən, İranın dövlət qəzeti "Keyxan" siyasi cəbhənin yaradılmasının yolverilməz olması və bütün partiyaların DİN-də qeydiyyatdan keçməsi faktını nəzərə alaraq, İran hökumətinin müxalifət siyasi blokunun yaranmasına icazə verməyəcəyi haqqında yazmışdı.
İranın hökumət nümayəndələri görünür ki, hazırki hakimiyyət üçün sözügedən siyasi birləşmənin gizli təhlükə olmasını hesab edərək hələ də parçalanmış müxalifət qüvvələrinə münasibətdə qətiyyətlidirlər.
"Onlar (Musəvi və tərəfdarları) ölkədəki bütün qanunları öz hərəkətləri ilə pozublar. Bu halda bu kimi cəbhənin yaradılmasına kim icazə verərək hakimiyyət, parlament və xalq qarşısında cavabdehlik daşıyacaq", - deyə Kosari bildirib.
Hətta əgər Musəvi və onu dəstəkləyənlər siyasi planlarını həyata keçirə bilsələr, yaranacaq cəbhə ölkədəki bütün siyasi sistemlər kimi hakimiyyətin ciddi nəzarəti altında olacaq ki, bu da onun fəaliyyətinə mane olacaq.
Yaxın Şərq üzrə amerikalı ekspert Kennet Katzmannın (Kenneth Katzman) fikrincə, hazırda Musəvinin yaradacağı siyasi cəbhə hazırki hakimiyyətə qarşı dura biləcək siyasi güc olmayacaq. Musəvinin bundan sonrakı fəaliyyəti prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra Tehran küçələrində onu dəstəkləyənlərin birliyindən asılıdır.
"Düşünürəm ki, hakimiyyət yəqin ki, Musəvinin siyasi cəbhəsinin ofislərinə və üzvlərinə ciddi şəkildə nəzarət edəcək, həmçinin onların işini çətinləşdirmək üçün ən kiçik imkanları belə axtararaq fəaliyyətini izləyəcək. Əgər həqiqətən söhbət uğurdan gedirsə, Musəvi uğuru yeni siyasi cəbhəsinin formalaşdırması fəaliyyəti hesabına deyil, yalnız küçə nümayişlərində iştirak edən tərəfdarlarının səfərbərliyi yolu ilə əldə edə bilər ", - amerikalı ekspert deyib.
Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.