Azərbaycan, Bakı,19 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü hesab edir ki, təşkilatları elm sahəsinə pul vəsaiti ayırmağa həvəsləndirməyə ehtiyac var.
"Dünya təcrübəsinə də baxsaq görərik ki, burada elm sahəsinə çoxlu vəsait ayrılır. Özəl şirkətlər bu sahədə daha çox aktivlik nümayiş etdirir. "Elm haqqında" qanunda vəsaitlə bağlı məsələ öz əksini tapıb. Yəni dövlət elmə maliyyə vəsaiti ayırır, eyni zamanda, digər təşkilatları da bu sahəyə pul ayırmağa həvəsləndirir", - Trend -un məlumatına görə, çərşənbə günü Elm və təhsil komitəsinin üzvü, millət vəkili Asəf Hacıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Hacıyevin sözlərinə görə, "Elm haqqında" qanun Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. "Qanunun müəyyən maddələri var ki, onlar üzərində AMEA və digər institutlardan cəlb olunmuş mütəxəssislərdən ibarət işçi qrupu işləyir. Azərbaycan da Boloniya prosesinə qoşulduğu üçün bu qanunun yenidən işlənib qəbul edilməsinə ehtiyac duyulur. Digər tərəfdən isə elmdə gedən sürətli inkişaf və tərəqqi prosesləri bu məsələni gündəmə gətirir", - millət vəkili bildirib.
O bildirib ki, "Elm haqqında" qanunda qrantlarla bağlı çox vacib bir məqam var. "Qanunda qrantlarla bağlı, onların verilməsi mexanizmləri haqqında məqamlara da toxunulacaq", - Hacıyev deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]