Azərbaycan, Bak, 07 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Parlamentinin komitə sədri məişət zorakılığı ilə bağlı mükəmməl qanun layihəsinin hazırlandığını düşünür.
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi ilk dəfə müzakirə olunarkən onun əleyhinə çıxanlardan biri mən idim", - Trend -un məlumatına görə, bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Trend -un arayışı: Dünya statistikasına görə, hər il dünyada 4 milyon qadın zorakılığa məruz qalır, onlardan 170 mini hamiləlik dövründə olan qadınlardır. Cəmiyyətdə baş verən belə halların qarşısını almaq üçün ailə-məişət zorakılığının aradan qaldırılmasına yönəldilmiş qanunlar qəbul edilir, dövlət orqanları, QHT-lər bu problemlə daim məşğul olurlar.
Belə qanunlаr artıq neçə ildir ki, MDB ölkələrində də tətbiq olunur. Məsələn, məlumatlara görə, Ukraynada, Moldovada və qonşu Gürcüstanda oxşar qanunun qəbul edilməsindən sonra bu ölkələrdə ailədaxili zorakılıq halları 20-30 faiz aşağı düşüb.
Xarici ölkələrin təcrübəsi də bunu deməyə imkan verir. Məsələn, İsveçrədə bu qanun 1998-ci ildə, Avstriyada 1996-cı ildə, Finlandiyada 1996-cı ildə, ABŞ-da isə 1994-cü ildə qəbul olunub.
Uzun müddətdir ki, bu cür zorakılıqla bağlı qanun pozuntuları ən yaxşı halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddələri ilə əhatə olunur. Bu isə zorakılığın yalnız bir növünü - fiziki zorakılığı əhatə edir. Zorakılığın başqa formaları isə hüquqi nizamlamadan və məsuliyyətdən kənarda qalır. Bu səbəbdən "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi hazırlanıb.
Aslanovanın sözlərinə görə, əvvəlki layihəyə əsas etirazlar qanunun fəlsəfəsi ilə deyil, sənəddə əksini tapan bir sıra müddəaların tam gerçəkliyə cavab verməməsi ilə bağlı idi. "Mən də əvvəlki layihədəki bütün müddəaların həyata keçiriləcəyinə, real həyatda icra olunacağına inanmırdım, inanmadığım bir məsələyə də səs verə bilməzdim. Əsas istəyimiz o idi ki, qəbul olunan qanun sonradan işlək mexanizmdə olsun", - komitə sədri əlavə edib.
Millət vəkilinin fikrincə, ötən müddətdə qanun layihəsinin üzərində xeyli iş gedib. "İndiki qanun layihəsi əvvəlkindən tamamilə fərqlənir və çox mükəmməl bir hüquqi sənəddir. Lakin bu o demək deyil ki, bunun üzərində iş getməyəcək. Şübhəsiz ki, zaman keçdikcə, tələblər dəyişdikcə bu qanunun üzərində də müəyyən dəyişikliklər edilməlidir", - Aslanova vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]