Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna gəlib, cümə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.
Dövlət başçısı əvvəlcə Quba şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyev parkda aparılmış yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri ilə tanış olub.
Prezident daha sonra Qubada Heydər Əliyev Muzeyi üçün inşa edilən yeni binanın tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına Heydər Əliyev Muzeyinin fondunun zənginləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, muzeyin əvvəlki binasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən üç bölmə fəaliyyət göstərir. Birinci bölmədə ulu öndərin 1969-1982-ci, ikinci bölmədə 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrləri, üçüncü bölmədə isə ümummilli liderin Qubaya səfərlərini əks etdirən materiallar nümayiş olunur.
Muzeydə ulu öndərin ölkəmizin beynəlxalq imicinin, müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı əvəzsiz xidmətlərindən bəhs edən eksponatlara da geniş yer ayrılıb. Məlumat verilib ki, 2005-ci ildə yaradılan muzeyə gələn ziyarətçilərin sayı artmaqdadır. Təkcə cari ilin doqquz ayında muzeyi 17 min nəfər ziyarət edib. Ulu öndərin dövlətçilik irsinə artan maraq nəzərə alınaraq ulu Heydər Əliyev parkında muzeyin yeni binasının tikintisinə başlanıb. Bu ilin avqustunda təməli qoyulan yeni bina üçmərtəbəli olacaq. Muzeyin girişində ulu öndərin büstü qoyulacaq. Orijinal layihə əsasında inşa olunan binada yaradılacaq bölmələrdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən çoxlu sayda eksponat yerləşdiriləcək, informasiya-kommunikasiya texnologiyalarının da geniş tətbiqinə xüsusi diqqət yetiriləcək.
Prezident İlham Əliyev muzeyin inşası və tərtibatı ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
İlham Əliyev səfəri çərçivəsində Qubada Müalicə-Diaqnostika Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib, səhiyyə ocağında yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, təməli 2006-cı ilin martında qoyulan və ümumi sahəsi 1,3 hektar olan Quba Müalicə-Diaqnostika Mərkəzi Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilib. Quba ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcək mərkəzdə ümumilikdə 260 həkim və orta tibb heyəti işlə təmin olunub.
Dörd mərtəbədən ibarət olan mərkəzin əsas binasının sahəsi 7 min 220 kvadratmetr, yardımçı binaların sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir. Poliklinika oftalmologiya, LOR, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostika şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları fəaliyyət göstərir.
İkinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri işləri əks etdirən fotoguşə yaradılıb. Bu mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir.
Dörd bölmədən ibarət əməliyyat bloku üçüncü mərtəbədədir. Reanimasiya və anesteziologiya şöbələri də üçüncü mərtəbədə yerləşir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir.
Dördüncü mərtəbədə 164 nəfərlik konfrans zalı və texniki otaqlar vardır. Səhiyyə ocağında Almaniyanın və Yaponiyanın ən müasir tibbi avadanlığı quraşdırılıb. Mərkəzin ərazisində qazanxana, su anbarı, nasosxana, elektrik yarımstansiyası, yeməkxana və digər yardımçı binalar tikilib. Səhiyyə ocağının həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllıq zonası salınmış, əraziyə süni qranit, tamet və mərmər döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılıb. Mərkəzə gələn yol asfaltlanıb. Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb, onları təbrik edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]