Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir Ü.Sadıxova/
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə cümə günü keçirilən görüşünün əsas müzakirə mövzusu olub. Bu barədə Azərbaycan XİN-in press-relizində deyilir.
Azərbaycanlı nazirin ATƏT-in Minsk qrupunun nümayəndələri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) ilə görüşü BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 64-cü sessiyası çərçivəsində baş tutub.
Dünən həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT MQ-nin həmsədrləri ilə və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü olub.
Ermənistanın xarici siyasət idarəsinin mətbuat xidmətinin xəbər verdiyi kimi, görüş zamanı Nalbandyan Bradkenin ATƏT-nin Minsk qrupunun həmsədri vəzifəsinə təyin olunması münasibəti ilə onu təbrik edib və onun diplomatik xidməti dövründə əldə etdiyi zəngin təcrübəsinin "Arsax" probleminin nizamlanması işində yararlı olacağına ümid etdiyini bildirib. Məlumatı Ermənistan Xəbərləri yazır.
Robert Bradtke sentyabrın əvvəllərində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri təyin olunub. O, bu vəzifədə Metyu Brayzanı əvəz edib. Bradke 36 illik diplomatik təcrübəyə malikdir. Bu vəzifəyə təyin olunana kimi o, üç il ərzində (2009-cu ilədək) ABŞ-ın Zaqrebdəki səfirliyində missiyanın başçısı olub. Buna kimi isə Bradtke dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə, NATO və ATƏT üzrə məsul köməkçisinin müavini olub.
"İki saatlıq söhbət zamanı Ermənistanın xarici işlər naziri MQ həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin danışıq prosesi ilə bağlı bir sıra məsələləri müzakirə edib", - məlumatda deyilir.
Tərəflər əsasən həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünü təşkil etmək məqsədi ilə regional səfər imkanlarını müzakirə ediblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]