Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir R.Hafizoğlu/
Türkiyənin İstanbul şəhərində müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) təşəbbüsü ilə "Azərbaycandan üzr istəyirik" imza kampaniyası keçirilir. Bu barədə Trend -a partiyanın İstanbul şöbəsindən daxil olan məlumatda bildirilir.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokollar imzalanıb.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məlumatda həmçinin bildirilir ki, İstanbulun mərkəzində qurulan stendlərdə MHP-nin Türkiyə-Ermənistan əlaqələrinin əleyhinə olduğu barədə geniş məlumat verilib.
Kampaniya on gün davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]