...

Bakıda böyük şəhər bələdiyyəsinin formalaşdırılmasına ehtiyac yoxdur - Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 29 Oktyabr 2009 12:01 (UTC +04:00)
“Azərbaycan cəmiyyətinin bələdiyyələrin fəaliyyətinə ünvanlanmış olan indiki münasibətinin fonunda belə bir addım atılması bəlkə də bir o qədər düzgün olmazdı”, - Trend News-un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiaysının (YAP) internet saytına partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Bakıda böyük şəhər bələdiyyəsinin formalaşdırılmasına ehtiyac yoxdur - Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının sədr müavini, icra katibi paytaxtda böyük şəhər bələdiyyəsinin formalaşdırılmasına çox böyük ehtiyac olduğunu düşünmür.

"Azərbaycan cəmiyyətinin bələdiyyələrin fəaliyyətinə ünvanlanmış olan indiki münasibətinin fonunda belə bir addım atılması bəlkə də bir o qədər düzgün olmazdı", - Trend -un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiaysının (YAP) internet saytına partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Avropa Şurasının (AŞ) Yerli Hakimiyyətlər Konqresi dəfələrlə Azərbaycanda, xüsusilə paytaxt Bakıda mer seçkiləri keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bundan başqa, tez-tez Bakı böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı təkliflər də gündəmə gəlməkdədir.

Əhmədovun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bələdiyyələrin fəaliyyəti ilə bağlı tənqidi fikirləri kifayət qədər ciddidir. "Eyni zamanda bu vəziyyəti kəskin şəkildə aradan qaldırmadan, güman edirəm ki, bizdə bəzi strukturların tələb etdiyi həmin məsuliyyətli vəzifələrin yerinə yetirilməsi vaxtından xeyli əvvəl atılmış addım olardı", - sədr müavini əlavə edib.

Hakim partiyanın icra katibi deyib ki, bələdiyyələr kifayət qədər öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək səriştəsini nümayiş etdirəndən, xalqa xidmət etmək istəyi ilə yanaşı, bu istəyi həyata keçirmək imkanlarına malik olduğunu təsdiqlədikdən, kifayət qədər səmərəli fəaliyyət metodlarını mənimsədikdən sonra bu məsələni ciddi şəkildə müzakirə predmetinə çevirmək mümkündür. "Bu gün isə, əvvəla, artıq bələdiyyə seçkilərinə start verilib, bunun haqqında danışmağın heç bir mənası yoxdur, ən azından bu barədə beş ildən sonra ciddi şəkildə söhbət etmək olar. İkincisi, qeyd etdiyim kimi, mövcud olan problemlərin həlli də çox vacibdir ki, sonra daha məsuliyyətli və daha genişmiqyaslı vəzifələri bələdiyyələrin üzərinə qoyanda, onlar bu vəzifələrin öhdəsindən layiqincə gələ bilsin, insanlara hansısa bir problemlər yaratmasın", - Əhmədov vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti