...

Azərbaycanın XİN rəhbəri Türkiyə Parlamenti komissiyasının sədrini qəbul edib

Siyasət Materials 29 Oktyabr 2009 19:02 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend News-a cümə axşamı Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın XİN rəhbəri Türkiyə Parlamenti komissiyasının sədrini qəbul edib

Azərbaycan, Bakı, 29 oktyabr / Trend /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend -a cümə axşamı Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda olmasından məmnunluğunu bildirən Murad Mərcan Azərbaycanın Türkiyə üçün önəmini, iki ölkənin parlamentləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mərcan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Əhməd Davudoğlunun məsələ ilə bağlı açıqlamalarını xatırladıb, bu münaqişə həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyünü və protokolların TBMM-də ratifikasiya olunmayacağını qeyd edib.

"Münaqişənin nizamlanmasının çox sadə yolu var və bunun üçün Ermənistan münaqişəyə dair BMT, ATƏT və AŞ PA tərəfindən qəbul olunmuş qətnamə və qərarları yerinə yetirməlidir", - Mərcan deyib.

Öz növbəsində, xarici işlər naziri Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların cari vəziyyəti haqqında məlumat verib. Ermənsitan tərəfindən Azərbaycan ərazilərinin işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsinə etiraz əlaməti olaraq Türkiyənin Ermənistanla sərhədləri bağlamasını qeyd edən nazir münaqişənin nəticələrinin hələ də davam etdiyini bildirib. Regiondakı mövcud problemin əsasının Azərbaycan ərazilərinin işğalı olduğunu deyən xarici işlər naziri yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından sonra bütün kommunikasiyaların açılmasının və regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirib.

Bursada yaranmış bayraq böhranına toxunan Məmmədyarov bu hadisədən Azərbaycan xalqının çox təəssüfləndiyini bildirib və hadisənin günahkarlarının cəzalandırılmasını müsbət qiymətləndirib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti