...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən 125 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Siyasət Materials 3 Noyabr 2009 16:41 (UTC +04:00)
MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Astara rayon sakinləri - 1948-ci il təvəllüdlü Hacırza Eyvazov və onun bacısı oğlu, 1965-ci il təvəllüdlü Zahid Həmdəmov, 1975-ci il təvəllüdlü Qənbər Səliyev, 1976-cı il təvəllüdlü Hatəm Əliyev, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən 125 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən 125 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Astara rayon sakinləri - 1948-ci il təvəllüdlü Hacırza Eyvazov və onun bacısı oğlu, 1965-ci il təvəllüdlü Zahid Həmdəmov, 1975-ci il təvəllüdlü Qənbər Səliyev, 1976-cı il təvəllüdlü Hatəm Əliyev, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.

Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Hacırza Eyvazovun tapşırığı ilə İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Astara rayonu istiqamətində Azərbaycan ərazisinə keçirdikləri narkotikləri Zahid Həmdəmov onlardan qəbul edib və dayısı Hacırzaya təhvil verib. Sonra Hacırza Eyvazovun tapşırığına əsasən, onun digər qohumu Qənbər Səliyev həmin narkotik vasitəni Hatəm Əliyevin idarə etdiyi "UAZ" markalı avtomobildə Astara rayonunun Kijəbə kəndinin yaxınlığına gətirib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş çevik əməliyyat tədbirləri ilə Hacırza Eyvazov, Zahid Həmdəmov, Qənbər Səliyev və Hatəm Əliyev saxlanılıb, avtomaşına baxış zamanı 65 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü İqdam Əliyev və 1977-ci il təvəllüdlü Aqil Əliyev saxlanılıb, 37 kiloqrama yaxın həşiş və təxminən 5 kiloqram tiryək aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, qabaqcadan əldə olunmuş razılığa əsasən, İqdam Əliyev İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriləcək külli miqdarda narkotik vasitəni Lənkəran şəhərində qəbul edib və onu Bakıya aparmağı Aqil Əliyevə tapşırıb və bu işə görə ona 2 min ABŞ dolları məbləğində pul verməyi vəd edib. Aqil Əliyev də bu təklifi qəbul edib.

Hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı həmin narkotik vasitələri qaçaq yolla Azərbaycan ərazisinə keçirərək Lənkəran rayonunun Sütəmurdov kəndində gizlədib və bu barədə İqdam Əliyevi məlumatlandırıb. İqdam Əliyev həmin narkotik vasitələri gizlədildiyi yerdən götürərək ona çatdırmasını Aqil Əliyevə tapşırıb. Aqil Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə narkotik vasitələrin gizlədildiyi əraziyə gəlmib və iki ədəd polietilen kisəyə qablaşdırılmış 37 kiloqrama yaxın həşişi və təxminən 5 kiloqram tiryəki götürən zaman yaxalanıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Əziz Cabbarov və 1979-cu il təvəllüdlü Vüsal Əliyev saxlanılıb, sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 396 qram həşiş aşkarlanaraq götürülüb.

Məlum olunub ki, Vüsal Əliyev 2009-cu il oktyabr ayında İran İslam Respublikasına səfəri zamanı orada, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının imkanları vasitəsilə külli miqdarda narkotik vasitələrin qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə keçirilməsini təşkil edib. Vüsal Əliyevin tapşırığına əsasən, 2009-cu il oktyabrın 22-də Əziz Cabbarov qaçaq yolla göndərilmiş narkotik vasitəni Bakı şəhəri yaxınlığında hazırda şəxsiyyətləri istintaqla araşdırılan şəxslərdən təhvil alaraq gizlədib. Vüsal Əliyev İrandan Azərbaycana qayıtdıqdan sonra həmin narkotik vasitəni Əziz Cabbarovdan təhvil alaraq, özünün idarə etdiyi "BMW" markalı avtomobilin yük yerində gizlədib.

Hər üç faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti