...

Azərbaycan Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında xüsusi yer tutur – Sloveniya Prezidenti Danilo Türk (MÜSAHİBƏ)

Siyasət Materials 5 Noyabr 2009 09:06 (UTC +04:00)
Trend News-un Avropa redaksiyasının Sloveniya Prezidenti Danilo Türk ilə onun noyabrın 9-10-da Azərbaycana səfəri ərəfəsində müsahibəsi
Azərbaycan Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında xüsusi yer tutur – Sloveniya Prezidenti Danilo Türk (MÜSAHİBƏ)

Trend -un Avropa redaksiyasının Sloveniya Prezidenti Danilo Türk ilə onun noyabrın 9-10-da Azərbaycana səfəri ərəfəsində müsahibəsi

- Azərbaycan və Sloveniya arasındakı əməkdaşlığın hazırkı səviyyəsindən razısınızmı? Dövlətlərarası münasibətlərin inkişafı üçün nə kimi potensial var?

- İki ölkə hökuməti arasında əməkdaşlıq təkmilləşdirilə və yeni səviyyəyə qaldırıla bilər. Hər iki ölkə Avropa məkanında yeni ölkələrdir. Biz bir çox məsələlər üzrə oxşar mövqedəyik və tez-tez birgə məsləhətləşmələrin keçirilməsi bizim üçün vacibdir. Hesab edirəm ki, siyasi səviyyədə bizim üçün daha müntəzəm məsləhətləşmələr vacibdir. Biz, həmçinin ikitərəfli iqtisadi münasibətlərimizin səviyyəsini yüksəltməliyik.

Bununla əlaqədar olaraq deməliyəm ki, ikitərəfli əməkdaşlıq üçün potensial tükənməyib və səfərimin əsas məqsədlərindən biri siyasi və iqtisadi əməkdaşlığın gələcəkdə də möhkəmlənməsi imkanlarının öyrənilməsidir.

- Azərbaycan və Sloveniya arasında hazırkı ikitərəfli ticari-iqtisadi əməkdaşlıq səviyyəsini necə görürsünüz? Fikrinizcə, bu sahədə nə kimi perspektivlər var?

- Xarici ticarət dövriyyəsinin cari səviyyəsi çox aşağıdır və bunu artırmaq lazımdır. Fikrimcə, bir çox sahələrdə iqtisadi əməkdaşlıq imkanları mövcuddur. Azərbaycana səfərim zamanı məni Sloveniyanın 70 aparıcı biznesmenindən ibarət komanda müşayiət edəcək ki, bu da ölkəmizin müəyyən sahələrdə maraqlı olmasına sübutdur. Hesab edirəm ki, tərəfdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir çox sahələr var. Bunlar arasında energetika, informasiya texnologiyaları, tikinti və investisiya yer alır. Biz ikitərəfli əməkdaşlığı maliyyə xidmətləri, sığorta və digər xidmət sahələrində də təkmilləşdirə bilərik.

Misal üçün, bizim təkcə yaşayış binalarının deyil, eyni zamanda, sənaye obyektlərinin, idman meydançalarının inşasında, müxtəlif yeni materialların və yeni tikinti texnologiyalarının istifadəsi sahəsində böyük təcrübəmiz var. Yuxarıda sadalanan təcrübədən Sloveniya şirkətləri Avropa, Aralıq dənizi və Yaxın Şərqdəki investisiyalarında istifadə edir. Hesab edirəm ki, hazırda olduğundan daha fəal əməkdaşlıq edə biləcəyimiz bir çox başqa sahələr də var.

- Avropa İttifaqı ölkəsi kimi Sloveniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi necədir?

- Biz "dondurulmuş münaqişələrin" bu qədər uzun çəkməsindən və onların həllinin tapılması cəhdlərində kifayət qədər irəliləyişin müşahidə olunmamasından çox narahatıq. Hesab edirəm ki, problemin həllinə yaxınlaşmaq üçün ATƏT-ə üzv olan bütün ölkələrin və digər iştirakçıların səylərini fəallaşdırmaq lazımdır.

Münaqişənin həlli yalnız beynəlxalq hüququn gözlənilməsi, eyni zamanda, mübahisələrin sülh yolu ilə həlli, maraqlı dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn digər müvafiq prinsipləri əsasında həyata keçirilməlidir.

Hesab edirəm ki, Avropa İttifaqı və ATƏT tərəfindən fəal səylərin vaxtı çatıb. Mənim üçün Prezident İlham Əliyevdən Ermənistan tərəfi və digər iştirakçılarla sonuncu görüşün təəssüratlarını öyrənmək çox maraqlıdır.

- Sloveniya Aİ-nın gənc ölkələrindən biri kimi Avropa İttifaqının "Şərqi Tərəfdaşlıq" proqramından Azərbaycan üçün hansı perspektivləri görür?

- Sloveniya həqiqətən də Avropa İttifaqının yeni üzvlərindən biridir. Biz istərdik ki, "Şərq Tərəfdaşlığı" proqramı inkişaf etsin. Hər bir tərəfdaş ölkənin imkanlarını nəzərdən keçirtmək vacibdir. Azərbaycan neft və qaz hasil edən ölkə kimi bu kontekstdə xüsusi yer tutur. Biz Azərbaycandan Avropa İttifaqına Gürcüstan, Türkiyə və digər yollardan keçməklə yeni neft və qaz marşrutlarının salınması üçün maksimum səylər göstərməliyik.

Lakin ölkələrimiz arasında yalnız energetika üzrə münasibətlər qurmaq düzgün olmazdı. Biz, demokratiyanın və müxtəlif dinlər arasında əlaqələrin möhkəmlənməsi də daxil olmaqla, bir sıra başqa sahələri də nəzərdən keçirməliyik. Azərbaycanın İslam mədəniyyəti elementlərinin ölkə siyasətinə daxil edilməsində təcrübəsi var. Bütün sadalananlar "Şərq Tərəfdaşlığı"nın Azərbaycana dair vacib elementləri ola bilər. Avropa İttifaqı bunun üzərində çalışmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti