Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifətinin bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmaması ilə bağlı iradları yersizdir.
"Müxalifətin bələdiyyə üzvlüyünə irəli sürmək üçün kifayət qədər nümayəndələri olsaydı, elə onlar namizəd kimi çoxlu insan irəli sürərdilər", - Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.
Trend -un arayışı: Azərbaycanda bəzi müxalifət partiyaları bələdiyyələrə namizədlərin qeydə alınmasında problem yaradıldığı barədə məlumat yayıblar.
Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Bələdiyyə üzvlüyünə namizədlərin 16 min 20-si ali təhsilli, 166 nəfəri natamam ali, 8938 nəfəri orta təhsilli, 6737 nəfəri orta ixtisas təhsillidir. 6222 nəfər qadın bələdiyyə üzvlüyünə namizəddir.
Əhmədovun sözlərinə görə, bu məsələyə görə nə dairə seçki komissiyalarını, nə də digər strukturları günahlandırmaq kimi səmərəsiz yol seçmək doğru deyil.
"Əgər müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirak etmək üçün kifayət qədər adamı olsaydı, namizəd kimi irəli sürərdilər. Yəqin ki, onda qeydə alınan namizədlərin sayı da çox olacaqdı", - sədr müavin əlavə edib.
Onun fikrincə, 2004-cü ilin bələdiyyə seçkilərində vəziyyət indiki kimi olub. "Bildiyiniz kimi, o zaman da müxalifət partiyalarının yerlərdə insan resursu az olduğundan bələdiyyələrə irəli sürülən namizədlərinin sayı az olmuşdu", - o deyib.
Əhmədov deyib ki, ayrı-ayrı partiyaların insan resurslarının məhdudluğunu ört-basdır etmək üçün dairə seçki komissiyalarını, yaxud yerli icra hakimiyyət orqanlarını hədəf seçmələri səmərəli siyasi mübarizə forması deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]