...

AŞ PA-nın Monitorinq Komitəsində Ermənistanla bağlı məsələ müzakirə olunub

Siyasət Materials 17 Dekabr 2009 19:02 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Monitorq Komitəsinin bu gün keçirilən iclasında Ermənistanla bağlı məsələ müzakirə olunub.
AŞ PA-nın Monitorinq Komitəsində Ermənistanla bağlı məsələ müzakirə olunub

Fransa, Paris 17 dekabr / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorq Komitəsinin bu gün keçirilən iclasında Ermənistanla bağlı məsələ müzakirə olunub.

"Müzakirələr gərgin keçib. 2008-ci ildə Ermənistandakı prezident seçkilərinə mart ayının əvvəllərində etiraz etmiş dinc nümayişçilərə zor tətbiq edilməsi hadisəsi indiyə kimi AŞ PA-nın gündəmindədir. Yəqin ki, uzun müddət bu məsələ ətrafında müzakirələr davam edəcək", - Trend -un məlumatına görə, bunu cümə axşamı iclasdan sonra jurnalistlərə AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov bildirib.

Ermənistanda 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət genişmiqyaslı etiraz aksiyaları keçirib. Martın 1-dən 2-nə keçən gecə milis və ordu hissələri dinc insanlara qarşı xüsusi vasitələrdən, texnikadan və odlu silahdan istifadə edərək aksiyanı dağıdıb. Hadisələr zamanı ümumilikdə odlu silahdan açılan atəş nəticəsində 10 nəfər həlak olub, 131 insan yaralanıb. Rəsmi İrəvan öncə aksiya iştirakçılarına atəş açılmadığını desə də, sonradan foto və videodəlillər qarşısında bunun baş verdiyini etiraf etməyə məcbur olub.

Seyidovun sözlərinə görə, Ermənistan tərəfi məsələni müzakirədən çıxartmaq və yaxud reallıqdan uzaq bir fakt kimi təqdim etmək üçün cidd-cəhd göstərir.

"Amma bugünkü məruzəyə məhz bu hadisələrin təhlilini özündə əks etdirən bir sənəd əlavə edilib. Həmin sənədin yanvar sessiyasında açıqlanmasına böyk ehtimal var. Ona görə ki, həm iqtidardan, həm də müxalifətdən olan erməni nümayəndələri bu sənədə yeni faktların əlavə edilməsi ilə yanaşı, onun Ermənistanda gedən proseslərə böyük təsir göstərəcəyini vurğulayıblar. Sənəddəki faktlar mart ayında baş vermiş hadisələrin hələ uzun müddət AŞPA-nın diqqət mərkəzində olacağına dəlalət edir", -  vitse-prezident əlavə edib.

Seyidov bildirib ki, Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi, bu dəfə də real hadisələri ört-basdır etməyə çalışırdı. Ancaq nə qədər çalışsalar da, olmuş faktı gizlədə bilmirlər.

"Ermənistanla bağlı daha bir məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Bu məsələ həm də ölkəmizlə əlaqədar idi. Yığıncaqda münaqişə ilə bağlı danışıqların aktivləşdiyi qeyd edilib", - Seyidov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti