Azərbaycan, Bakı, 25 dekabr / Trend , muxbirA.Hüseynbala /
Azərbaycan Parlamentinin deputatları Avropa Parlamentinin qətnaməsinə etiraz edilməsini vacib hesab edirlər.
"Bu qətnamə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycana təzyiq etmək niyyətilə qəbul olunub", - Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Avropa Parlamenti dekabrın ortalarında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi bəyannamə qəbul edib. Sənəddə mətbuatda azad sözlə bağlı vəziyyətin pisləşməsi narahatçılıqla qeyd olunub.
Spikerin fikrincə, bu sənədin qəbulunda erməni diaspor təşkilatlarının da xüsusi rolu olub. Spiker Milli Məclisdə etiraz bəyanatının qəbul edilməsini təklif edib. Bununla bağlı komissiya yaradılıb.
"Avropa Parlamentinin dekabrın ortalarında qəbul etdiyi qətnamə tamamilə əsassızdır. Təəccüblüsü odur ki, həmin qurum indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşən bir milyondan çox insan barəsində heç bir qətnamə qəbul etməyib", - Trend -un məlumatına görə, cümə günü Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib.
Ələsgərovun sözlərinə görə, bu qətnaməyə parlament öz münasibətini bildirməlidir.
"Biz bu cür qətnamələrin qəbul olunmaması üçün Azərbaycanı həm istəyən, həm istəməyən qüvvələrlə işləməliyik", - Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Seyidovun sözlərinə görə, həmin qüvvələrlə elə münasibət qurulmalıdır ki, onlar Azərbaycanın Avropa üçün əhəmiyyətli dövlət olduğuna inansınlar.