Fransa, Strasburq, 28 yanvar / Trend , müxbir A.Məhərrəmli/
Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş sədri Mövlud Çavuşoğlu qurumdakı Azərbaycan nümayəndə heyətini qəbul edib. Trend -un məlumatına görə, nümayəndə heyətinin sədri Səməd Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin yüksək vəzifəyə seçilməsi münasibətilə Çavuşoğluna ünvanladığı təbrik məktubunu sədrin diqqətinə çatdırıb.
Görüşdə xüsusi olaraq qeyd edilib ki, Azərbaycan AŞ-də fəal rol oynayır, AŞ-yə böyük ümidlər bəsləyir, lakin bəzən ikili standartlarla, qeyri-obyektiv münasibətlə Azərbaycanın real inkişafına uyğun gəlməyən məsələlərlə rastlaşır.
"Azərbaycanla bağlı neqativ problemlərin aradan qaldırılması və bunlarla mübarizə aparılması üçün nümayəndə heyəti əlindən gələni etmiş, edir və edəcək. AŞ PA-nın sədrliyinə Türkiyə nümayəndəsinin gəlişi bu prosesi daha obyektiv, daha sürətli və açıq şəkildə təşkil edə biləcək", - görüşdə deyilib.
AŞ PA sədri Çavuşoğlu böyük hörmət və ehtiram bəslədiyi Azərbaycan Prezidentinin ona ünvanladığı məktubdan böyük sevinc hissi keçirdiyini xüsusi vurğulayıb və İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. Sədr Azərbaycan nümayəndə heyətini əmin edib ki, Azərbaycan Parlamenti və ölkəmizin AŞ PA-dakı nümayəndə heyəti ilə daha sıx əlaqə yaradacaq, Azərbayan-AŞ münasibətlərini daha da yüksək səviyyəyə qaldırması və Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ məsələsinin qurumda obyektiv araşdırılmasını və Avropa deputatlarına obyektiv məlumatın çatdırılması istiqamətində fəaliyyətini əsirgəməyəcək.