...

Qarabağ Azadlıq Təşkilatı ABŞ Konqresinin Xarici əlqalər komitəsinin qərarına etirazını bildirib

Siyasət Materials 6 Mart 2010 14:19 (UTC +04:00)
Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, ABŞ Konqresinin Xarici əlqalər komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunan ədalətsiz qərar bir sıra məsələlərə aydınlıq gətirib.
Qarabağ Azadlıq Təşkilatı ABŞ Konqresinin Xarici əlqalər komitəsinin qərarına etirazını bildirib

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı (QAT) hesab edir ki, ABŞ Konqresinin Xarici əlqalər komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunan ədalətsiz qərar bir sıra məsələlərə aydınlıq gətirib.

"Bu qərar, ilk növbədə, ABŞ-ın Azərbaycan və Türkiyə ilə bağlı ikiüzlü və qeyri-səmimi siyasətinin göstəricisidir", - Trend -un məlumatına görə, şənbə günü QAT-ın qəbul etdiyi bəyanatda bildirilir.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib. 23 konqresmen qətnamənin lehinə, 22-si əleyhinə səs verib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Sənəddə qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq hərəkətləri, törətdiyi qırğınlar Xocalı soyqırımını görmək istəməyən ABŞ-ın qondarma "erməni soyqırımı"nı heç bir əsaslı fakt və sübut olmadan bu qədər qabartması dediklərimizi təsdiq edir. "ABŞ bu günə qədər Azərbaycan torpaqlarını zəbt etmiş Ermənistanı işğalçı dövlət kimi tanımaq istəmir. Ona görə də bu dövlətin səmimiliyinə inanmaq olmaz. İkincisi, bu qərar ABŞ konqresmenlərinin bir hissəsinin erməni lobbisi tərəfindən pulla və digər vasitələrlə ələ alınmasını aydın şəkildə göstərdi", - bəyanatda vurğulanır.

QAT hesab edir ki, Azərbaycanda ermənilər tərəfindən törədilmiş kütləvi cinayətlərə göz yuman konqresmenlərin "erməni məsələsi"ndə bu qədər fəallıq göstərməsinə başqa ad vermək mümkün deyil. "Bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Türkiyə hökumətləri ABŞ-la münasibətlərinə yenidən baxmalı, bü münasibətlərdə milli maraqların önə çəkilməsinə nail olmalıdır", - sənəddə bildirilir.

Bəyanatda əlavə olunur ki, Türkiyə hökuməti ABŞ və digər dövlətlər tərəfindən şantaj vasitəsinə çevrilən "erməni soyqırımı" oyunlarına tam etinasızlıq nümayiş etdirməli, bu cür qərarların qəbul olunmasına əhəmiyyət verməməlidir. "Türkiyə Sürix protokollarının ratifikasiyasından imtina etməlidir. Azərbaycan ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrlik və vasitəçilik missiyasından imtina etməlidir. Ermənipərəst bir dövlətin Qarabağ məsələsində vasitəçilik etməsi yolverilməzdir", - QAT belə hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti