...

Azərbaycan əsgərləri işğal olunmuş torpaqları azad etməyə qadirdir - general-leytenant Zakir Həsənov

Siyasət Materials 9 Mart 2010 11:24 (UTC +04:00)
Azərbaycanın Daxili Qoşunlar komandanı bəyan edib ki, bu gün əsgərlərin döyüş hazırlığı yüksək səviyyədədir və işğal olunmuş torpaqları azad etməyə qadirdir.
Azərbaycan əsgərləri işğal olunmuş torpaqları azad etməyə qadirdir - general-leytenant Zakir Həsənov

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Daxili Qoşunlar komandanı bəyan edib ki, bu gün əsgərlərin döyüş hazırlığı yüksək səviyyədədir və işğal olunmuş torpaqları azad etməyə qadirdir.

"Azərbaycan əsgəri bu gün qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hazırdır və bunu bacarır. Əsgərlər torpaqlarını işğaldan azad etməyə qadirdir. Daxili Qoşunların əsgərlərinin döyüş hazırlığı yüksək səviyyədədir və müasir silah, texnika ilə təmin olunub. Artıq aparıcı dövlətlərin analoji qurumlarının silah-sursat təchizatı ilə özümüzü müqayisə edə bilərik", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Həsənov deyib ki, daxili qoşun zabitləri dünyanın aparıcı dövlətlərinin hərbi məktəblərində və təlim mərkəzlərində təhsil alır, təlim keçir və bunu Azərbaycanda tətbiq edirlər. Digər xarici dövlətlər də Azərbaycan təcrübəsindən yararlanırlar.

"Biz ən müasir təhsil sistemi qurmuşuq və bu, döyüş hazırlığında öz nəticəsini göstərir", - Həsənov əlavə edib.

General-leytenant vurğulayıb ki, Daxili Qoşunların hərbi hissələrində ən müasir standartlara cavab verən mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunan əsgər yataqxanaları, yeməkxanaları və tibb məntəqələri var. Alınan ərzaq məhsullarının keyfiyyətini müəyyən etmək üçün laboratoriya var.

Komandan bildirib ki, Daxili Qoşunların rəhbərinin göstərişi ilə əsgərlərə həftədə ən azı üç dəfə milli yeməklər verilir.

Xəbər lenti

Xəbər lenti