...

Azərbaycan yeni Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutunu BMT-nin narkotrafik siyahısına daxil etməyi tələb edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Mart 2010 13:32 (UTC +04:00)
Azərbaycan yeni Əfqanıstan - İran - Dağlıq Qarabağ marşrutunu BMT-nin narkotrafik siyahısına daxil etməyi tələb edəcək. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov cümə axşamı bildirib.
Azərbaycan yeni Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutunu BMT-nin narkotrafik siyahısına daxil etməyi tələb edəcək (ƏLAVƏ OLUNUB)

RED. əlav.: altıncı abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycan yeni Əfqanıstan - İran - Dağlıq Qarabağ marşrutunu BMT-nin narkotrafik siyahısına daxil etməyi tələb edəcək. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov cümə axşamı bildirib.

Onun sözlərinə əsasən, bu gün Azərbaycan ərazisi vasitəsilə narkotik vasitələrin tranziti üzrə üç marşrut BMT-yə məlumdur:

1) Əfqanıstan - İran - Azərbaycan;

2) Əfqanıstan - Pakistan - İran;

3) Əfqanıstan - Orta Asiya - Azərbaycan.

"Həm Azərbaycanın, həm də dünya ictimaiyyətinin nəzarətindən kənar qalan "Əfqanıstan - İran - Dağlıq Qarabağ" yeni marşrutunun bu siyahıya daxil edilməsini Azərbaycan BMT-nin nəzərdən keçirməsini tələb etmək niyyətindədir", - bu barədə Həsənov Dövlət Komissiyasının iclasında bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Həsənovun sözlərinə əsasən, bu ərazilərdə narkotik vasitələr yetişdirilməsi, terrorçu qrupların və silahlı qruplaşmaların hazırlanması üçün düşərgələrin mövcud olduğu məlumdur. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları bu vəziyyətə qiymət verməyə çağırıb, lakin indiyə kimi heç bir reaksiya göstərilməyib.

"Bu gün dünyada nəzarətsiz ərazilərin qalması necə mümkündür?" - Həsənov hiddətlə bildirib. - "Yəqin, bu problemlərin saxlanılması beynəlxalq təşkilatlarda mafiya qruplarının maraqlarındadır".

"Bütün dünyaya məlumdur ki, işğal olunan Azərbaycan əraziləri Azərbaycan və beynəlxalq qurumların nəzarətindən kənardadır, onlar Ermənistanın nəzarətindədir. Biz "ərazilər nəzarətsidir" terminini ləğv etməliyik; ona görə ki, bu torpaqlar Ermənistanın nəzarəti altındadır, əks təqdirdə, orada narkotik maddələr yetişdirilməz, bu ərazilər tranzitə çevrilməz və həmin ərazilərdə terrorçu qruplar hazırlanmazdı", - Həsənov bildirib.

Onun sözlərinə əsasən, bu torpaqlar müəyyən dövlətlərin və beynalxalq qurumların nəzarəti altındadır. "Narkotik maddələrin tranziti və istehsalı ilə məşğul olan beynəlxalq qurumlar və dövlətlərin bu məsələyə gözlərini yummasını necə anlamaq olar? Biz narkotiklə mübarizə üzrə BMT-nin Vyanadakı ofisinə bu ərazilərdə monitorinq keçirilməsi haqqında müraciət etmişik, lakin Ermənistan tərəfi bu qurumun əməkdaşlarını işğal olunan ərazilərə buraxmayıb. Bizdə Dağlıq Qarabağda narkotik maddələrin tranziti və istehsalını sübut edəcək kifayət qədər material mövcuddur, lakin beynəlxalq təşkilatlar buna göz yumur", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti