Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, yeni seçki blokunun təsis olunması "Azadlıq" blokunun mövqeyindən asılıdır.
"Azadlıq" bloku Ümid Partiyasının da yeni seçki blokunda təmsil olunması ilə bağlı təklifi tərəddüdlə qarşılayır". - Şənbə günü Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Trend -un arayışı: Azərbaycan Demokrat Partiyası "Azadlıq" bloku bə Ümid Partiyasının iştirakı ilə yeni seçki blokunun yaradılması təklifi ilə çıxış edib. ADP ilə "Azadlıq" bloku arasında bu məqsədlə keçirilən müzakirələr davam edir.
Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.
Cəlaloğlunun sözlərinə görə, "Azadlıq" blokuna daxil olan partiyalarda bununla bağlı müzakirələr aparıldığından, yeni seçki blokunun elan olunması da yubanır: "Əgər qarşı tərəfdən müsbət cavab verilərsə, tezliklə bloku təsis edib fəaliyyətə başlamaq olar", - partiya sədri əlavə edib.
Onun fikrincə, "Azadlıq" bloku daha geniş tərkibdə seçki blokunun tərəfdarı deyil.
"Həmin partiyalar yalnız ADP ilə birgə blok yaratmağa daha üstünlük verirlər. Biz isə düşünürük ki, əgər Müsavat Partiyasının mövqeyini təkrarlasaq, müxalifətin seçkilərdə daha mütəşəkkil iştirakına nail ola bilməyəcəyik", - o vurğulayıb.
Cəlaloğlu deyib ki, Müsavatın mövqeyini təkrarlamamaq üçün Ümid Partiyasının da yeni blokda təmsil olunması məsələsi "Azadlıq" bloku qarşısında şərt kimi irəli sürülüb. "Amma bu blokdakı partiyaların rəhbərləri deyirlər ki, həmin şərtə razılaşacaqları halda, Müsavatın Ümid Partiyası ilə bağlı ittihamları onlara qarşı yönələ bilər. Məncə, bu düzgün mövqe deyil", - ADP sədri xatırladıb.