Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Psixatrop maddə qaçaqmalçılığına görə Azərbaycanda həbs olunan İran vətəndaşı Ermənistan ərazisindən tranzit kimi istifadə etdiklərini etiraf edib.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bazar ertəsi jurnalistlərə bildirib.
"Bir neçə gün öncə Dövlət Gömrük Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakı - Moskva - Bankok aviareysi ilə uçmaq istəyən İran vətəndaşı Əzimi Murtuza Mustafadan metamfetamin maddə aşkar edilib. O, istintaqa ifadəsində həmin maddəni əvvəllər Ermənistan vasitəsilə daşıdıqlarını etiraf edib", - komitə sədri bildirib.
Əliyev deyib ki, İran vətəndaşı ilk dəfə Azərbaycandan bu məqsədlə tranzit kimi istifadə etdiklərini bildirib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında İran vətəndaşı Mostafanın əl yükündən kişi sviterinin içərisinə keçirilmiş 1 ədəd sviterə və 4 ədəd coraba hopdurulmuş külli miqdarda - 1500 qram metamfetamin psixotrop maddəsi tapılıb.
O, narkotikanı Bakı - Moskva - Bankok aviareysi ilə Tailand Krallığına aparmaq istəyib.
DGK-nin sədri bildirib ki, metamfetamin çox güclü təsirə malik psixatrop vasitədir və ondan bəzi süni narkotiklərin hazırlanmasında istifadə olunur.