...

Türkiyənin nümayiş etdirdiyi mövqe əvvəldən Azərbaycanı tam qane edir - Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov

Siyasət Materials 15 Aprel 2010 11:07 (UTC +04:00)
Türkiyənin nümayiş etdirdiyi mövqe Azərbaycanı tam qane edir, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Türkiyənin nümayiş etdirdiyi mövqe əvvəldən Azərbaycanı tam qane edir - Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Türkiyənin nümayiş etdirdiyi mövqe Azərbaycanı tam qane edir, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Türkiyə ilə biz bir millət iki dövlət çərçivəsində analoqu olmayan diplomatik, siyasi, sosial, mədəni əlaqələrə malikik və bu əlaqələri kiminsə diktəsi ilə pozmaq fikrində deyilik. Türkiyə də bu fikirdədir", - Həsənov deyib.

Trend-in arayışı: "Türkiyə və Ermənistan arasında sərhədlər yalnız Azərbaycan - Ermənistan münaqişəsinin həllindən sonra açılacaq", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda rəsmi dairələrlə görüşdən sonra açıqlamasında bildirib.

"Yalnız Ermənistan - Azərbaycan münaqişəsinin həlli Türkiyə - Ermənistan sərhədlərinin açılması üçün əsas ola bilər", - Ərdoğan CNN Turk saytına bildirib.

Həsənovun sözlərinə görə, Türkiyənin Baş naziri və xarici işlər naziri son Vaşinqton görüşlərində bəyan ediblər ki, Dağlıq Qarabağ məsələsi həll olunmadan, Azərbaycan - Ermənistan cəbhəsində normal diplomatik irəliləyişə nail olunmadan, işğal edilmiş  torpaqlardan erməni qoşunları çıxmadan Ermənistanla Türkiyə arasında normal, iqtisadi, sosial münasibətlər yaratmaq mümkün deyil.

"Bu mövqe bizi qane edir. Hesab edirik ki, bu mövqedə də Türkiyə Azərbaycanın dost, qardaş dövləti kimi dayanacaq və mövqelərini
qoruyacaq", - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

Həsənov deyib ki, Azərbaycan ABŞ-ın Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki Minsk qrupunda nümayiş etdirdiyi fəaliyyətindən razı deyil.

"Azərbaycan dəfələrlə bu məsələdə müxtəlif səviyyələrdə Dağlıq Qarabağda pozulmuş haqqını, ərazi bütövlüyünün pozulması məsələsini qaldırıb; təəssüflər olsun, ABŞ-ın bəzi institutları, dairələri erməni lobbisinin təsiri altında neytrallığı itirirlər, Ermənistana açıq dəstək verirlər.  "Ayrı-ayrı qonşu dövlətlərə - Türkiyəyə və başqalarına təzyiq göstərilərək, siyasi münasibətlər yaradılmasını tələb edirlər. Bu, ABŞ-ın missiyasına, xüsusən, Minsk qrupunun iştirakçısı kimi uyğun gəlmir", - Həsənov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti