Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan hökuməti gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyən edib.
Azərbaycan hökuməti pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirib.
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumtəhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 (qırx) manat məbləğində kompensasiya veriləcək", - Trend-in məlumatına görə, Nazirlər Kabinetinin cümə günü açıqlanan qərarında bildirilir.
Həmin qərara görə, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə gənc mütəxəssislərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstəriləcək: "Rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə ödəniləcək", - qərarda vurğulanır.
Bundan başqa, qərarda pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur.