Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın xarci işlər naziri Elmar Məmmədyarov Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuku ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı cümə axşamı XİN-in mətbuat xidməti yayıb.
Görüş zamanı səfir Klimçuk Ukraynanın Azərbaycanda səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı bütün sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan Klimçuk, fəaliyyəti zamanı göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib. Öz növbəsində nazir Məmmədyarov səfir Klimçuka xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.