...

Azərbaycanın qondarma "erməni soyqırımı" məsələsində Türkiyəyə verdiyi dəstək bizi çox sevindirir - səfir Hulisi Kılıç (FOTO)

Siyasət Materials 23 Aprel 2010 13:50 (UTC +04:00)
Azərbaycanın qondarma "erməni soyqırımı" məsələsində Türkiyəyə verdiyi dəstək bizi çox sevindirir - səfir Hulisi Kılıç
Azərbaycanın qondarma "erməni soyqırımı" məsələsində Türkiyəyə verdiyi dəstək bizi çox sevindirir - səfir Hulisi Kılıç (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Hüseynbala/

Türkiyənin Azərbaycandakı səfiri bildirib ki, Azərbaycanın qondarma "erməni soyqırımı"məsələsində Türkiyəyə verdiyi dəstək sevindiricidir.

"Türkiyəyə atılan böhtan, eyni zamanda, Azərbaycana atılan böhtandır. Azərbaycanın bu məsələdə Türkiyəyə verdiyi dəstək bizi çox sevindirir. Bu həm də bizim həqiqətən bir millət - iki dövlət olduğumuzu sübut edir. Mən bu günlərdə dünyanın müxtəlif yerlərində azərbaycanlı qardaşlarımızın təşkil etdiyi tədbirlər üçün təşəkkürümü bildirirəm", - bu sözləri cümə günü Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və Trend Beynəlxalq İnformasiya Agentliyinin təşkilatçılığı ilə keçirilən "Uydurma tarixin görünən və görünməyən tərəfləri" adlı konfransda Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

Trend-in arayışı: Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Səfir deyib ki, qondarma "erməni soyqırımı" ilə bağlı iddiaları tarixçilər araşdırmalıdırlar.

"Birinci Dünya müharibəsi zamanı Osmanlı torpaqlarında yaşayan digər milli azlıqlar, o cümlədən yəhudilər də vardı. Niyə onların ermənilər kimi bir problemi olmadı?" - Kılıç əlavə edib.

Onun fikrincə, ermənilərin 24 aprellə bağlı iddiaları tamamilə yalan və saxtadır.

"Biz tarixi həqiqətlərin üzə çıxarılması üçün 1995-ci ildə tarixçilərdən ibarət komissiyanın yaradılmasını təklif etmişik. Amma indiyədək erməni tərəfi buna müsbət reaksiya verməyib. Soyqırım iddialarının yalan olduğu barədə məlumatları biz bütün insanlara, dünya ictimaiyyətinə çatdırmalıyıq. Biz bununla bağlı tarixçilərin araşdırmalar aparmasının tərəfdarıyıq", - səfir vurğulayıb.

Kılıç deyib ki, dünyanın bir sıra ölkələrinin parlamentlərində bununla bağlı çıxarılan siyasi qərarlar da gülüncdür. Onun fikrincə, bütün bunların qarşısının alınması üçün kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür.

"Türkiyə və Azərbaycan diasporları da birgə çalışırlar. Dünyada tarixi gerçəkliklərə düzgün qiymət vermək istəyirlərsə, Xocalı soyqırımına diqqət yetirtmək kifayətdir. Burada baş verən olaylarla bağlı bütün danılmaz faktlar mövcuddur", - Kılıc bildirib.

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun rəhbəri, millət vəkili Gövhər Baxşəlıyeva isə çıxışında deyib ki, institutun araşdırmaları nəticəsində 1915-ci ildə ermənilərə qarşı heç bir soyqırım törədilmədiyini sübut edən tarixi faktlar ortya çıxıb.

Baxşəlıyevanın sözlərinə görə, əksinə, ermənilər tərəfindən türklərə və azərbaycanlılara qarşı soyqırımlar törədilib.

"Erməni soyqırımı" iddialarının qondarma olduğunu bir daha süburt etmək üçün bütün arxivlər açılmalı, bütün sənədlər araşdırılmalıdır", - şərqşünas-alim əlavə edib.

Onun fikrincə, "erməni soyqırımı" ilə bağlı iddiaların tamamilə əsassız olduğunu sübut etmək üçün Türkiyə ilə yanaşı, bütün türk dövlətləri birgə çalışmalıdırlar.

"Ermənilər müxtəlif dövrlərdə Cənubi və Şimalı Azərbaycanda yüz minlərlə azərbaycanlını qətlə yetiriblər. Bunların hamısı tarixi faktlardır. Türklər indi də ermənilərin mənəvi terroru ilə üzləşirlər. Bizim "erməni soyqırımı" ilə bağlı iddiaların uydurma olduğunu sübut edən faktlarımızı heç nədən utanmadan saxtalaşdırırlar", - Baxşəlıyeva deyib.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova isə bildirib ki, tədbirin keçirilməsində məqsəd 24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı qondarma "soyqırım" iddialarına qarşı ciddi faktlarla, elmi araşdırmalarla ictimaiyyəti tanış etməkdir.

Onun sözlərinə görə, məqsəd həm də Türkiyə - Azərbaycan qardaşlığının sarsılmazlığını nümayiş etdirməklə, ötən əsrdə erməni cinayətlərinin əsl üzünü açıb göstərmək və tarixi həqiqətləri dünya xalqlarına çatdırmaq, həqiqətlərin aşkarlanmasında elm adamları ilə medianın əməkdaşlığına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti