...

Azərbaycan Prezidenti təbii fəlakətlə bağlı səyyar müşavirə keçirib

Siyasət Materials 11 May 2010 20:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşüb və təbii fəlakətlə bağlı səyyar müşavirə keçirib.
Azərbaycan Prezidenti təbii fəlakətlə bağlı səyyar müşavirə keçirib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşüb və təbii fəlakətlə bağlı səyyar müşavirə keçirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Çadır düşərgəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına burada görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, əhali ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmin olunub. Bu məqsədlə yaradılan anbarlarda kifayət qədər ərzaq ehtiyatı var.

Prezident İlham Əliyev çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Sakinlər onlarla görüşə gəldiyinə, problemlərlə yerindəcə tanış olduğuna görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Bildirilib ki, burada onlara hər cür qayğı göstərilir.

Prezident İlham Əliyev daşqından zərər çəkənlərin bütün problemlərinin həllinin bundan sonra da diqqətdə saxlanılacağını deyib. Dövlətimizin başçısı bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkənlərin məişət problemlərinin həlli daim onun diqqət mərkəzindədir. Bu məsələlərin həlli üçün artıq lazımi tapşırıqlar verilib və onların icrası nəzarətdədir. Çadır düşərgəsində insanlara hərtərəfli tibbi xidmət də göstərilir.

Prezident İlham Əliyev tibb məntəqəsində yaradılan şəraitlə tanış olub. Məruzə olunub ki, burada epidemioloji vəziyyətə də ciddi nəzarət olunur.

Dövlətimizin başçısı çadırlardakı şəraitlə tanış olub.

Qeyd olunub ki, Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkən Sabirabad sakinlərinin müvəqqəti məskunlaşdığı çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilib. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən Dadaşbəyli və Qaragünə kəndlərinin sakinləri köçürülüb və zərərçəkənlərin dəqiq qeydiyyatı aparılıb.

Sonra Prezident İlham Əliyevin sədrliyi ilə səyyar müşavirə keçirilib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda baş verən təbii fəlakət zamanı itkilərin minimuma endirilməsi yalnız görülən qabaqlayıcı tədbirlər sayəsində mümkün olub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün "verilən tapşırıqlara uyğun olaraq vahid komanda halında tədbirlər görülür", - deyən Prezident İlham Əliyev sahilbərkitmə və bəndvurma işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıqlarını verib, su altında qalan və əhalisi köçürülən kəndlərin hərtərəfli diqqətdə saxlanılması üçün tədbirlərin daha da gücləndirilməsini tapşırıb.

Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə, daxili işlər naziri Ramil Usubov, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev və Sabirabad rayon İcra hakimiyyətinin başçısı Heydər Abbasov təbii fəlakətlə bağlı vəziyyət barədə məlumat veriblər.

Daha sonra Prezident İlham Əliyevə bildirilib ki, indiyədək Kür çayında suyun sərfi saniyədə 1800-1900 kubmetri üstələməmişdi. Amma təbii fəlakət baş verən günlərdə bu göstərici 2400 kubmetrə çatıb. Hazırda Sabirabadın Mürsəlli kəndində dağılan bəndin bərpa işləri aparılır.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bir daha görülən tədbirlərin sürətləndirilməsi, zərərçəkən əhalinin qayğılarına həssas yanaşılması, onların sosial problemlərin vaxtında həll olunması ilə bağlı tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti