...

Türkiyə ilə İsrail arasında yaranan problem sülh yolu iə həll olunacaq - vitse-spiker

Siyasət Materials 1 İyun 2010 12:30 (UTC +04:00)
"Düşünürəm ki, həm İsrailin, həm də Türkiyənin siyasi iradəsi çatacaq ki, problemi sülh yolu ilə həll etsin", - vitse-spiker Bahar Muradova çərşənbə axşamı jurnalistlərə bildirib.
Türkiyə ilə İsrail arasında yaranan problem sülh yolu iə həll olunacaq - vitse-spiker

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin vitse-spikeri ümid edir ki, Türkiyə ilə İsrail arasında yaranan problem sülh yolu iə həll olunacaq.

"Düşünürəm ki, həm İsrailin, həm də Türkiyənin siyasi iradəsi çatacaq ki, problemi sülh yolu ilə həll etsin", - vitse-spiker Bahar Muradova çərşənbə axşamı jurnalistlərə bildirib.

Bazar ertəsi İsrail hərbçiləri mühasirədə olan Qəzza sektoruna yüzlərlə hüquq müdafiəçisi və min tonlarla humanitar yük daşıyan gəmiyə hücum ediblər. İsrailin "Haaretz" qəzetinin "tam uğursuzluq" adlandırdığı əməliyyat zamanı, son məlumatlara görə, humanitar missiyanın 19 üzvü öldürülüb, 30-a yaxın şəxs isə yaralanıb. "Əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, onların əksəriyyətinin vəziyyəti ağırdır.

Türkiyə humanitar missiyasının məlumatına görə, həlak olan 16 nəfərdən 15-i türk vətəndaşıdır. "Haaretz" qəzetinin fikrincə, bu, 2008-ci ilin dekabrında İsrailin Qəzzada apardığı müharibədən sonra, Ankara ilə gərgin qalan münasibətlərin "tamamilə pozulmasına gətirib çıxara bilər"

Muradova bildirib ki, lazım gələrsə, Azərbaycan bu məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq.

"Türkiyə bizə qardaş dost ölkədir və onun regionda oynadığı rolu heç kəs inkar edə bilməz. Türkiyənin dünyada olan qlobal təhlükələrə qarşı çox yüksək səslə öz mövqeyini bildirməsi hər kəsə bəllidir", - xanım Muradova vurğulayıb.

Parlament rəsmisi Türkiyənin yaxın qonşuları ilə problem yaşamasını arzulamadığını və baş verənlərdən təəssüfləndiyini deyib.

Xəbər lenti

Xəbər lenti