...

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olmuşdur

Siyasət Materials 4 İyun 2010 21:44 (UTC +04:00)
İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya universitetin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilmişdir
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olmuşdur

İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya universitetin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilmişdir.

Universitetdə Belarus Prezidentini səmimiyyətlə qarşılamış, tələbələr ali qonağa gül-çiçək dəstələri təqdim etmişlər. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sonra universitetin akt salonunda təntənəli mərasim keçirilmişdir. Tələbə xorunun ifasında "Haudeamus" tələbə himni səslənmişdir.

BSU-nun rektoru professor Kamal Abdullayev universitetin professor-müəllim heyəti və tələbələri adından ali qonağı salamlayaraq bildirmişdir ki, ali məktəbin Elmi Şurası Prezident Aleksandr Lukaşenkonun Belarus ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsində, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində münasibətlərin genişləndirilməsində və dərinləşdirilməsində xidmətlərinə görə ona Bakı Slavyan Universitetinin fəxri doktoru diplomu verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir.

Rektor universitetdə Belarus dili və ədəbiyyatının tədrisi ilə bağlı planlar barədə məlumat vermişdir. Bildirmişdir ki, bu istiqamət universitetdə yeni yaradılır və "Belarusşünaslıq" ixtisasının açılması planlaşdırılır. Universitetdə yeni yaradılmış Belarus Dili və Mədəniyyəti Mərkəzi uğurla fəaliyyət göstərəcəkdir. Bu mərkəz həm tələbələrin və müəllimlərin, həm də Azərbaycanda yaşayan və işləyən belarusların ünsiyyət yerinə çevriləcəkdir. Rektor bu mərkəzin açılmasına fəal kömək göstərmiş Belarusun Azərbaycandakı səfirinə və Belarus Dövlət Pedaqoji Universitetinə təşəkkürünü bildirmişdir.

Sonra professor K.Abdullayev Belarus dövlətinin başçısına Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunu, mantiya və xatirə hədiyyələrini təqdim etmişdir.

BSU-nun tələbələrinin ifasında Belarus dilində şeirlər və mahnılar ifa olunmuşdur.

Mərasimdə çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd etmişdir ki, Bakı Slavyan Universitetinin yubiley ilində bu ali təhsil ocağının fəxri doktoru adına layiq görülməsini özü üçün böyük şərəf hesab edir. Belarus dövlətinin başçısı xüsusi vurğulamışdır ki, Belarus ilə Azərbaycan arasında sıx dostluq münasibətləri vardır və ölkələrimizi bağlayan cəhətlər çoxdur.

Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Belarusun da Azərbaycan kimi müəyyən çətinliklərlə qarşılaşdığını qeyd edən A.Lukaşenko ölkəsinin öz iqtisadi inkişaf modelini müəyyən etdiyini və bu modelin gətirdiyi uğurlar barədə ətraflı danışmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Belarus xalqını daim dəsətklədiyini, buna görə də onun xatirəsinin bu ölkədə böyük hörmətlə anıldığını vurğulayan A.Lukaşenko həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə uğurla davam etdirildiyini bildirmişdir. Sonuncu dəfə üç il bundan əvvəl Azərbaycana səfərindən sonra ölkəmizin sürətli inkişafının şahidi olduğunu deyən Belarus Prezidenti xalqımıza inkişaf və rifah arzulamışdır.

Prezident Aleksandr Lukaşenko Belarus Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasına görə təşəkkürünü bildirərək vurğulamışdır ki, Azərbaycan dili və mədəniyyətinin təbliği məqsədilə Minskdə belə bir mərkəzin yaradılması xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə olacaqdır.

Sonra Belarus Prezidenti BSU-nun tələbələri ilə xatirə şəkli çəkdirmişdir.

2009-cu ildə Bakıda təsis edilmiş Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin üzvləri ilə görüşən Prezident Aleksandr Lukaşenko təşkilatın fəaliyyətini yüksək qiymətləndirilmişdir. Azərbaycan "Kitab" Cəmiyyətinin miniatür kitabları ali qonağa hədiyyə olunmuşdur.

Daha sonra Belarus dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri BSU-da yaradılmış Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılşında iştirak etmişlər. Buradakı şəraitlə tanış olduqdan sonra Aleksandr Lukaşenko Mərkəzin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Belarus dövlətinin başçısı Mərkəzə Belarus Respublikası haqqında kitabları hədiyyə etmişdir.

Xəbər lenti

Xəbər lenti