Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/
Avropa Parlamenti (AP) yüksək səviyyədə tərəfdaşlıq çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə jurnalistlərə İtaliya Parlamentinin senatoru, AP-nin xarici əlaqələr komitəsinin sədr müavini Fiorello Proveran çərşənbə axşamı məlumat verib.
Çərşənbə axşamı Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Proverdan səfərdə məqsədin Avropa Parlamenti ilə Azərbaycan arasında, eləcə də regionun digər dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi olduğunu bildirib.
Nümayəndə heyətinin rəhbəri həmçinin qeyd edib ki, AP Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və əvvəlki sərhədlərin qorunub-saxlanılması prinsipləri çərçivəsində həllinə tərəfdardır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.