...

Başqa millətlərə qarşı dözümsüzlük, etnik təmizləmə Ermənistanın dövlət siyasətinə çevrilib - Azərbaycan deputatı

Siyasət Materials 23 İyun 2010 17:46 (UTC +04:00)

Fransa, Strasburq, 23 iyun /Trend, müxbir A.Məhərrəmli/

Təəssüf ki, başqa dinlər və millətlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasəti bəzi ölkələrin, xüsusilə də Ermənistanın dövlət siyasətinə çevrilib. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yay sessiyasının üçüncü iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva danimarkalı deputat Mogens Yensen tərəfindən hazırlanan "Avropada İslam, islamizm və islamofobiya" adlı məruzə ətrafında aparılan müzakirələr zamanı çıxışında deyib.

"Dözümsüzlüyün artmasına, tolerantlığın azalmasına və ksenofobiyaya qarşı ciddi mübarizə aparılmalıdır. Çox sevindirici haldır ki, Türkiyə və İspaniyanın təşəbbüsü olan "Mədəniyyətlər ittifaqı" layihəsi BMT layihəsinə çevrildi və təşkilatın üzvü olan 100-dən artıq ölkə və beynəlxalq təşkilatlardan ibarət dostlar qrupu tərəfindən dəstəklənir. Biz AŞ PA olaraq, bu ittifaqın fəaliyyətini geniş dəstəkləməklə yanaşı, Avropa məkanında dözümsüzlüyün artmasına, tolerantlığın azalmasına və ksenofobiyaya qarşı ciddi mübarizə aparmalıyıq", - Paşayeva bildirib.

Paşayeva başqa dinlər və millətlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasətinin bəzi dövlətlərin, xüsusilə də Ermənistanın dövlət siyasətinə çevrildiyini xüsusi vurğulayıb.

"Təəssüf ki, başqa dinlər və millətlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasəti bəzi dövlətlərin dövlət siyasətinə çevrilib. Bu, bizim hamımızı narahat etməlidir. Məhz bunun nəticəsidir ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları Ermənistandan, öz ev-eşiyindən qovub. Bu gün orada bir azərbaycanlı belə yaşamır. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Erməni silahlı qüvvələri Xocalı qətliamını törətdilər. Bütün bunlara baxmayaraq, Azərbaycanda erməni kilsəsinə toxunulmadı. Bu gün də Azərbaycanda 30 min erməni yaşayır. Amma Ermənistanda, ermənilərin işğal etdiyi torpaqlarda azərbaycanlılara məxsus məscidlər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və harada baş verməsindən asılı olmayaraq, onu törədənlərə qarşı sərt mübarizə aparmalıyıq. Əks halda dünyada gərginlik və münaqişələr daha da artacaq və biz gələcək nəsillərə daha pis bir dünyanı miras qoyacağıq. Hər birimizin mədəniyyətlərin qarşıdurmasını ön plana atanlara qarşı Avropa və dünyanın gələcəyi üçün "mədəniyyətlər dialoqu" mümkündür deməyimiz lazımdır", - Paşayeva qeyd edib.

Millət vəkili AŞ məkanında islamofobiyanın artmasının narahatedici hal oluduğunu bildirib.

"AŞ məkanında islamofobiyanın artması hamımızı narahat etməlidir. Biz bunun səbəblərini təhlil etməli və onlara qarşı mübarizə aparmalıyıq. Görünən səbəblərdən biri odur ki, Avropa məkanında insanlar arasında İslam dini ilə bağlı həqiqi biliklər tamamilə azdır. Bu baxımdan Avropada gənclərin xristian, İslam və yəhudi dinləri ilə bağlı doğru məlumatlar əldə etməsi üçün səylərimizi gücləndirməliyik. Amma ən ciddi problem və təəssüf doğuran odur ki, Niderlanddan olan həmkarım cənab Koksun dediyi kimi, Avropa məkanında bəzi siyasətçilər, mətbuat və media qurumları və qeyri-hökumət təşkilatları da islamofobiyanın artmasında böyük rol oynayır. Biz buna qarşı ciddi mübarizə aparmalıyıq. Ona görə də biz hökumətlərlə yanaşı, siyasətçilərə, QHT və KİV-lərə çağırış edərək onları bu məsələdə diqqətli olmağa dəvət etməliyik", - Paşayeva qeyd edib.

Azərbaycanlı deputat İslam dininin sevgi, başqalarına hörmət dini olduğunu qeyd edib.

"Biz Avropanın bəzi mətbuat və media qurumlarında, bəzi siyasətçilərin çıxışlarında belə ifadələr eşidirik: İslam ekstremizmi. Bu, çox yanlış ifadədir. İslam olan yerdə ekstremizm ola bilməz. Bu cür ifadələr işlətməklə milyonlarla müsəlmanın dini hissiyatına toxunmaq doğru olmazdı. İslam dinini bilənlər, İslamın müqəddəs kitabını oxuyanlar bilir ki, İslam sevgi, başqalarına hörmət dinidir", - millət vəkili vurğulayıb.

Paşayeva bildirib ki, qloballaşan dünyada qərəzlilik son dərəcə təhlükəlidir. "Qütbləşmənin simvolu halına gələn "biz və onlar" ayrımını ortadan qaldıracaq bir anlayışı əsas tutmalıyıq. Unutmamaq lazımdır ki, dözümsüzlüklər qarşıdurmaya gətirib çıxarır. BMT-nin "Mədəniyyətlər İttifaqı" üzrə ali nümayəndəsi cənab Xorxe Sampayonun (Jorge Sampaio) dediyi kimi, dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görmək üçün dünyada bir çox örnəklər var və biz onlardan nəticə çıxarmalıyıq", - millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti