...

Hər bir bölgə çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin – Azərbaycan Prezidenti İlham Əliyev (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 9 İyul 2010 00:32 (UTC +04:00)
Hər bir bölgə, hər bir rayon çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin. Düzdür, Azərbaycan dövləti və hökuməti fəaliyyətini hər bir bölgə üzrə konkret plan, konkret proqram əsasında qurubdur, bunu cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı bildirib.
Hər bir bölgə çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin – Azərbaycan Prezidenti İlham Əliyev (ƏLAVƏ OLUNUB-2)

RED: əlavəsi: Azərbaycan Prezidentinin Balakən ictimaiyyəti qarşısında çıxışının tam mətni əlavə olunub

Hər bir bölgə, hər bir rayon çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin. Düzdür, Azərbaycan dövləti və hökuməti fəaliyyətini hər bir bölgə üzrə konkret plan, konkret proqram əsasında qurubdur, bunu cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı bildirib.

"Hər bir bölgəyə dövlət büdcəsindən subsidiyalar, dotasiyalar verilir və bu, belə də olmalıdır. Amma biz elə etməliyik ki, rayonların sənaye və iqtisadi potensialından maksimum şəkildə istifadə edək. Zaqatalanın bu sahədə imkanları genişdir - gözəl təbiəti, iqlimi, turizm imkanları, kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait vardır. Biz elə etməliyik ki, bütün lazımi imkanları yaradaq. Bilirsiniz ki, kənd təsərrüfatının inkişafı, fermerlərin, sahibkarların fəaliyyəti üçün lazımi tədbirlər görülür, kreditlər, subsidiyalar, texnika verilir, sosial sahə xüsusi diqqət mərkəzindədir" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısının sözlərinə görə, ölkəmizin gələcək inkişafı təmin ediləcək.

"O gələcək inkişaf ki, bu gün bunun əsası qoyulur. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr deyə bilərəm ki, dünya miqyasında xüsusi yerə malikdir. Biz dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkəyik. Hətta bu il, keçən il - dünyada böhran illəri kimi tarixdə qalacaq bu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişafdadır. Bütün sosial proqramlar, infrastruktur layihələri icra olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün bütün lazımi tədbirlər nəzərdə tutulub. Büdcəmiz artır. Dünyada böhran nəticəsində bir çox ölkələrdə büdcə yerinə yetirilmir və kəsir yaranır. Biz isə əksinə, büdcədə dürüstləşmə etdik və əlavə böyük vəsait ayırdıq ki, ölkə qarşısında təxirəsalınmaz, yəni vacib olan məsələlər tezliklə öz həllini tapsın" Prezident çıxışında qeyd edib.

Zaqatalada olmağından çox məmnun olan dövlət başçısı qeyd edib ki, birinci dəfə deyildir ki, Zaqataladadır.

"Bu, mənim son illər ərzində Zaqatalaya üçüncü səfərimdir və hər dəfə burada olanda yenilikləri, inkişafı görəndə çox sevinirəm. Bu gün də Zaqatala rayonunun gələcək inkişafı üçün çox əlamətdar bir gündür. Rayonda çox müasir iki yeni sənaye müəssisəsi işə başlamışdır. Hər biri dünya standartları səviyyəsində qurulubdur. Bu gün həm süd, həm tütün zavodunun açılışında iştirak edərkən gördüm ki, burada rayonun inkişafı üçün çox böyük və vacib məsələlər öz həllini tapır. Tütün zavodunun yaradılması əslində Azərbaycanda müasir tütün sənayesinin yaranması deməkdir. Biz bu gözəl ənənələri bərpa edirik və rayonun inkişafı, sənaye potensialının gücləndirilməsi üçün bunun çox böyük mənası vardır.
Süd zavodu da müasir standartlara cavab verir. Bu, həm iş yerlərinin açılmasıdır, həm yerli istehsalın yaradılmasıdır, həm də rayonun inkişafıdır. Yəni bütün bu işlər bir daha onu göstərir ki, rayon dinamik şəkildə inkişaf edir, işlər burada müsbət istiqamətdə davam edir və həm rayonun iqtisadi, sənaye potensialı artır, eyni zamanda, görkəmi gözəlləşir.
Zaqatala tarixi şəhərdir. Çox gözəl şəhərdir. Zaqatalanın tarixi simasını saxlamaqla bu gün burada aparılan müasir işlər əlbəttə ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir. Siz - burada yaşayanlar bütün bu işlərin fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak edirsiniz və ümumiyyətlə, bu bölgənin gələcək inkişafı Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcəkdir" İlham Əliyev vurğulayıb.

Bu bölgəyə xüsusi diqqət göstərildiyini qeyd edən dövlət başçısı deyib ki, keçən dəfə burada olarkən Zaqatalanın inkişafı üçün vacib obyektlərin açılışında iştirak edib.

"Olimpiya Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, mehmanxana yaradılmışdır. Yəni burada bütün başqa sahələrdə işlər görülür ki, insanların rahatlığı üçün şərait yaradılsın. İş yerləri, sosial obyektlər, səhiyyə, təhsil, mədəniyyət müəssisələri açılır. Bu gün mədəniyyət mərkəzinin təmirdən sonra açılışında iştirak etmişəm. Bu da çox gözəl hadisədir. Beləliklə, bu bölgənin gələcək inkişafı təmin ediləcəkdir. Çünki biz elə etməliyik ki, Azərbaycanın hər bir bölgəsi özünə xas olan sənaye sahəsində maksimum səmərə ilə lazımi səviyyəyə çatsın.
Bu bölgənin öz xüsusiyyətləri vardır. Keçən dəfə mən burada olarkən bölgənin, burada turizmin inkişafı üçün böyük əhəmiyyəti olan aeroportun açılışını qeyd etdik. Düzdür, müəyyən müddətdən sonra uçuşlar dayandırıldı və mənə verilən məlumata görə, ona görə ki, sərnişin axını o qədər də güclü deyildi. Ancaq mən bu gün "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verdim ki, yaxın zamanlarda Bakı-Zaqatala xəttində təyyarə uçuşlarını bərpa etsin. Biz insanlar üçün əlavə imkanlar yaratmalıyıq. Çünki təyyarə ilə gəlmək daha da rahatdır. Düzdür, əminəm ki, Bakı-Zaqatala-Balakən sərhəd avtomobil yolu da əsaslı təmirdən sonra yaxın zamanlarda istifadəyə veriləcəkdir. Yolun bir hissəsi artıq hazırdır. Ancaq hava nəqliyyatının öz üstünlüyü vardır və bu, gələcəkdə Zaqatalanın, ətraf rayonların turizm imkanlarının genişləndirilməsi üçün şərait yaradacaqdır.
Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir. Arzum odur ki, daha da yaxşı olsun və əlbəttə ki, buna nail olmaq üçün bu il və gələn illərdə Zaqatalanın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görüləcək və yardımlar ediləcəkdir. Sizi bir daha ürəkdən salamlayıram və sizə xoş arzularımı bildirirəm" İlham Əliyev nitqində söyləyib.

Prezident daha sonra deyib ki, bu gün Azərbaycanın uğurlu inkişafı müxtəlif amillər üzərində qurulubdur.

"Yəni, ölkəmiz həm dinamik şəkildə inkişaf edir, iqtisadi gücə malikdir, həm də sənaye potensialı güclənir. Bizim çox uğurlu və güclü neft siyasətimiz vardır. Bu gün Azərbaycan dünya miqyasında öz yerini tutubdur, böyük hörmətə malik olan bir ölkədir. Ölkədə sabitlik, yəni vətəndaş birliyi, vətəndaş həmrəyliyi vardır.
Bütün bu amillər bizi gücləndirir və Azərbaycan müstəqil dövlət kimi artıq xalqımızın ümidlərini doğruldubdur. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Biz müstəqilliyi əldə edəndə gələcəyimiz o qədər də aydın deyildi. Azərbaycan necə inkişaf edəcək, hansı ölkəyə çevriləcək, hansı modeli seçəcək?! Dünyəvi dövlət olacaqmı, olmayacaqmı?! Öz resursları hesabına yaşaya biləcəkmi, yoxsa ki, asılı vəziyyətdə qalacaqdır?! Bütün bu suallar o vaxt cavabsız idi. Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir" dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, iqtisadiyyatın, sənaye potensialının gücləndirilməsi əlbəttə ki, hər bir ölkə üçün vacibdir.

"Amma bizdə, ölkəmizdə bir gözəl xüsusiyyət, yəni bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət ondan ibarətdir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Azərbaycanda bütün xalqlar arasında həqiqətən qardaşlıq münasibətləri vardır. Bu bizim böyük sərvətimizdir. Azərbaycan burada yaşayan hər bir xalqın vətənidir. Azərbaycan dövləti bütün gücünü ortaya qoyur ki, ölkəmizdə yaşayan bütün xalqlar özlərini rahat hiss etsinlər, vahid ailə kimi yaşayaq. Bu gün dünyada Azərbaycanın adı çəkiləndə təkcə neftdən söhbət getmir. Eyni zamanda, millətlərarası münasibətlərdən söhbət gedir. Azərbaycan artıq bölgədə və dünyada bir model rolunu oynamağa başlamışdır. Təsadüfi deyildir ki, ölkəmizdə dini, milli tolerantlıq, dözümlülük mövzularında müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu, bizim ən böyük gücümüzdür, ən böyük sərvətimizdir və biz bu sərvəti qorumalıyıq. Prezident, hər bir məmur, millət vəkili, hər bir vətəndaş, hər bir insan bu sərvəti öz əməyi, öz münasibəti ilə qorumalıdır.
Siz qeyd etdiyiniz kimi, Zaqatala rayonu çoxmillətli rayondur və burada bütün xalqların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar. Əminəm ki, gələcəkdə də belə olacaqdır. Azərbaycan dövləti gücləndikcə qarşıda duran bütün vəzifələr həll edilməli, eyni zamanda, millətlərarası münasibətlər daim diqqət mərkəzində olmalıdır. Bu, həm dövlət siyasətidir, həm də hər bir vətəndaşın ürəyində olan duyğulardır. Bax, bu iki amil bu gün Azərbaycanda bu gözəl ab-havanın mövcud olmasında öz rolunu oynayır. Ona görə də mən həmin məsələlərlə bağlı öz fikrimi xüsusi vurğulamaq və bir daha bildirmək istərdim. Arzu edirəm ki, sizin bütün arzularınız həyatda öz əksini tapsın. Mən Prezident kimi çalışacağam ki, bundan sonra da rayonda bütün problemlərin həlli üçün biz konkret tədbirləri görək" İlham Əliyev çıxışının sonunda deyib.

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Qaladüzü pilləkənləri adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Burada dövlətimizin başçısına bütövlükdə rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verildi.

Bununla da dövlətimizin başçısının Zaqatalaya səfəri başa çatıb.

"Sizi ürəkdən təbrik edirəm. Bu gün Balakəndə çox gözəl tarixi hadisə baş verir. Balakəndə ən müasir standartlara cavab verən yeni gözəl rayon xəstəxanası öz fəaliyyətinə başlayır. Bu, çox gözəl, əlamətdar hadisədir və bu, onu göstərir ki, bizim bütün planlarımız həyatda öz əksini tapır.
Mən Balakənə birinci dəfə gələndə bura boş yer idi. Biz burada bu xəstəxananın təməl daşını qoyduq. Bu gün biz bu gözəl xəstəxananın açılışında iştirak edirik. Bu, doğrudan da gözəl hadisədir" bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İlham Əliyev bildirib ki, son illər ərzində Azərbaycanın bölgələrində tikilmiş xəstəxanalardan ən müasir və ən böyük xəstəxana Balakən xəstəxanasıdır.

"Bu, bir daha onu göstərir ki, Balakənə xüsusi diqqət, xüsusi münasibət vardır. Mən çox şadam ki, burada artıq tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün şərait vardır. Ümumiyyətlə, Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar, tibb məntəqələri, tibb ocaqları tikilir. Dövlət Neft Şirkəti bu işlərə çox fəal qoşulmuşdur. Bu xəstəxana da Dövlət Neft Şirkətinin vəsaiti hesabına yaradılmışdır. Başqa bölgələrdə də müalicə-diaqnostika mərkəzləri tikilir. Yəni, bu, çox güclü bir sosial siyasətin əlamətidir. Çünki insanların sağlamlığı bizim üçün prioritet məsələdir.
Bu xəstəxanada bütün şöbələr - doğum şöbəsi də vardır. Azərbaycanda son illərdə uşaq ölümünün səviyyəsi aşağı düşür. İlk növbədə, ona görə ki, müasir imkanlar yaradılıbdır. Bir sözlə, bu xəstəxana balakənlilərin sağlamlığının keşiyində duracaqdır. Ümid edirəm ki, həkimlər də burada öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.
Burada quraşdırılmış müasir avadanlıqdan istifadə etmək üçün əlbəttə ki, xüsusi bacarıq lazımdır. Burada treninqlər, kurslar keçiriləcəkdir. Bir sözlə, bu gözəl hadisəni sizinlə bərabər qeyd etmək üçün mən bu gün yenidən Balakənə gəlmişəm. Bu gün Balakəndə xəstəxananın açılışı ilə bərabər, digər vacib hadisələr də baş verib. Bu gün gözəl Olimpiya Mərkəzinin açılışını qeyd etdik. Bu da Azərbaycanda idmana olan diqqətin nəticəsidir. Mən bu gün yeni müasir mehmanxananın açılışında da iştirak etdim. Hesab edirəm ki, bu, Balakənə turizm axınının təmin edilməsi üçün vacib amil olacaqdır. Mehmanxana da dünya səviyyəli mehmanxanalardan heç fərqlənmir" dövlət başçısı çıxışında qeyd edib.

Prezident deyib ki, Balakənin enerji təminatını yaxşılaşdırmaq üçün bu gün kiçik su elektrik stansiyasının təməl daşını qoyduq.

"Bu, birinci addımdır. Artıq proqrama görə, yaxın illərdə Balakəndə çaylarda 10 elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Biz rayonun bütün potensialının gücləndirilməsi üçün işlər görürük. Səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye - yəni Azərbaycanın bölgələri, o cümlədən də Balakən bu cür inkişaf etməlidir. Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir.
Mən çox istəyirəm ki, burada abadlıq, quruculuq işləri bundan sonra da sürətlə getsin. Keçən dəfə mən burada olanda böyük parkın açılışında iştirak etdim, xəstəxananın, mehmanxananın tikintisi ilə tanış oldum. Yəni, bütün bu işlər bir gündə həll olunmur. Bütün bunları etmək üçün məqsədyönlü, düşünülmüş siyasət, diqqət və ölkəmizin hərtərəfli inkişafı üçün proqramlar lazımdır. Bu proqramlar da vardır. Biz bütün işləri proqramlar əsasında qururuq, o cümlədən hər bir rayon üzrə xüsusi inkişaf planı da mövcuddur.
Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir. Rayonun sənaye, iqtisadi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər də nəzərdə tutulubdur ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq hər yerdə ən yüksək səviyyə ilə təmin olunsunlar, xüsusilə, paytaxtdan uzaqda yerləşən bölgələrdə. Balakən də Bakıdan uzaqda yerləşir. Buna baxmayaraq, burada ən müasir standartlar tətbiq olunur və bundan sonra da tətbiq olunacaqdır.
Bu gözəl hadisə münasibətilə mən sizi ürəkdən təbrik edirəm və sizə bütün işlərinizdə uğurlar arzulayıram" Prezident nitqində söyləyib.

İlham Əliyev deyib ki, Balakənin bugünkü vəziyyəti və inkişafı göstərir ki, Azərbaycanda hər şey etmək mümkündür.

"Bax, dörd il bundan əvvəl mən buraya gələndə burada vəziyyət tam başqa idi. Bu gün Balakən inkişaf etmiş müasir şəhərdir. Rayon inkişaf edir, şəhər inkişaf edir, insanlar daha da yaxşı yaşayırlar. İnsanların yaşaması üçün bütün şərait yaradılır, o cümlədən bu gözəl səhiyyə ocağı insanların sağlamlığını təmin edəcəkdir. Balakən çoxmillətli rayondur. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt - nə əvvəlki illərdə, nə bu gün milli zəmində heç bir ayrı-seçkilik olmamışdır və tam əminəm ki, gələcəkdə də olmayacaqdır. Azərbaycan milli münasibətlərin yüksək səviyyədə qurulması üçün örnək, nümunə ölkə kimi beynəlxalq təşkilatlarda da qiymətləndirilir. Bizim bu sahədəki siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri rahat yaşasınlar, bütün hüquqlara malik olsunlar, azad yaşasınlar.
Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən Balakən rayonunda yaşayan bütün qardaş xalqlarımız Azərbaycanın dövlətçiliyi uğrunda vuruşmuşlar, qan tökmüşlər və bu gün də Azərbaycanda dövlət quruculuğu işində, dövlətçiliyin möhkəmlənməsində çox fəal rol oynayırlar. Hər bir vətəndaş öz dövlətini gücləndirmək üçün fəal işləməlidir, vətənpərvər olmalıdır, öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Belə olan halda Azərbaycan daim inkişafda olacaq və ölkəmiz güclənəcəkdir.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm və sizə cansağlığı arzulayıram" Prezident vurğulayıb.

Prezident İlham Əliyev yeni səhiyyə ocağının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verərək deyib:

"Hər bir vətəndaş, sadəcə olaraq müayinədən keçmək üçün ildə ən azı bir dəfə buraya gəlməlidir. İndi müasir elm o qədər irəliyə gedib ki, əgər hansısa xəstəlik vaxtında müəyyən olunursa, onu müalicə etmək mümkündür. İndi heç xaricə getmək də lazım deyildir, burada bütün şərait vardır. Dünyanın aparıcı xəstəxanalarında olan gözəl avadanlıq burada da vardır. Görürəm, gözəl həkimlər də vardır. İndi gərək onlar da öz səviyyəsini daha da artırsınlar. Gərək bütün işlər ən müasir standartlara cavab versin. Mən Balakənə üçüncü dəfə gəlirəm. Amma yenə gəlmək üçün gərək belə yaxşı səbəb olsun. Bu gün səbəb var - bu gözəl xəstəxana, olimpiya kompleksi, mehmanxana. Gərək biz də, yerli rəhbərlər də yaxşı işləyək ki, belə gözəl hadisələr çox olsun, mən də tez-tez gəlim" İlham Əliyev çıxışının sonunda bildirib.

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti