...

Azərbaycanda yeni müxalifət blokunun yaranması istiqamətində danışıqlara başlanılıb - müxalifət partiyasının sədri Sərdar Cəlaloğlu

Siyasət Materials 15 İyul 2010 11:14 (UTC +04:00)
Azərbaycanda yeni müxalifət blokunun yaranması istiqamətində danışıqlara başlanılıb
Azərbaycanda yeni müxalifət blokunun yaranması istiqamətində danışıqlara başlanılıb - müxalifət partiyasının sədri Sərdar Cəlaloğlu

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

"Azadlıq" blokunun dağılmasından sonra Azərbaycanda yeni müxalifət blokunun yaranması istiqamətində danışıqlara başlanılıb, - bunu cümə axşamı Trend-ə müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

"Azərbaycanda iki müxalifət birliyinin yaranma meyilləri var. Biz qərar vermişik ki, bu meyillərin hər birinin konturlarının üzə çıxmasını, hansı mərkəzlərdə kimlərin toplanması reallıqlarını və digər məsələləri gözləyək. Ondan sonra münasibətimizi bildirəcəyik. Ən müxtəlif qüvvələrlə danışıqlar və fikir mübadiləsi aparırıq. Hələ nəticə olmadığından, cəmiyyətə çatdırılmağı məsləhət bilmirəm", - Cəlaloğlu əlavə edib.

Trend-in arayışı: Müxalif "Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası ilə seçki bloku yaratmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edib. Həmin qərar "Azadlıq" blokuna daxil olan digər partiyaların sərt reaksiyasına səbəb olub və blokun fəaliyyətinə xitam verilməsi elan olunub.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunurdu.

VİP sədri Əli Əliyev öncə Trend-ə açıqlamasında yeni müxalifət blokunun yaradılmasının mümkün olduğunu demişdi.

Cəlaloğlu deyib ki, millət vəkili Pənah Hüseyn, "Ümid" partiyasının sədri İqbal Ağazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə görüşlərimiz keçirilir, məsləhətləşmələr aparılır.

"Yaranmış vəziyyət dəyərləndirilir. Bütün imkanları dəyərləndirmək istəyirik ki, səhv qərar verməyək. Sadəcə olaraq proses başa çatmayıb deyə, veriləcək məlumatın əhəmiyyəti yoxdur", - ADP sədri bildirib.

Xəbər lenti

Xəbər lenti