...

Bu gün sürətlə inkişaf edən Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyul 2010 21:08 (UTC +04:00)
Azərbaycan və Gürcüstan çiyin-çiyinə inkişaf edir və bu prosesi heç nə dayandıra bilməz. Bunu bazar günü Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşündən sonra birgə mətbuat konfrasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Bu gün sürətlə inkişaf edən Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət - GürcüstanAzərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bunu bazar günü Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşündən sonra birgə mətbuat konfrasında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İlham Əliyev onu Gürcüstana dəvət etdiyinə görə Mixeil Saakaşviliyə öz minnətdarlığını bildirib.

"Mən yenidən Batumidə olmağımdan çox məmnunam. Burada gördüyüm dəyişikliklər, inkişaf məni bir dost kimi çox sevindirir. Bu, bilavasitə Sizin Prezident kimi fəaliyyətinizin nəticəsidir. Batumi gündən-günə gözəlləşir, abadlaşır, müasir binalar, mehmanxanalar tikilir, gözəl infrastruktur yaradılır. Mən iki il bundan əvvəl Batumidə olmuşam və müqayisə aparmaq üçün indi məndə kifayət qədər imkanlar vardır. Gördüklərim məni çox sevindirir. Çünki Sizin uğurunuz bizim də uğurumuzdur. Sizin fəaliyyətiniz nəticəsində Gürcüstan xarici sərmayələr üçün çox cəlbedici ölkəyə çevrilibdir. Gürcüstana milyardlarla vəsait yatırılır və xarici şirkətlər tərəfindən göstərilən etimad çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, Gürcüstanın uğurlu və sabit inkişafına böyük inam vardır.
Mən çox şadam ki, Gürcüstana investisiya qoyanların arasında Azərbaycan şirkətləri də vardır. Azərbaycan şirkətləri Gürcüstana böyük maraqla yanaşır, böyük həvəslə investisiyalar qoyurlar. Bu investisiyaların həcmi gündən-günə artır. Təbii ki, ilk investisiyalar energetika sektoruna qoyulubdur. Ancaq mən ümid edirəm ki, Azərbaycan şirkətləri başqa sahələrə də investisiyalar qoyacaqlar", -  Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr zəngin tarixə əsaslanır.

"Əsrlər boyu bizim xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşamışlar, bir-birinə kömək etmişlər və həmişə birlikdə olmuşlar. Bu tarixi yaddaş bugünkü gün üçün də çox vacibdir. Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət - Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımız çoxşaxəlidir, bütün sahələri əhatə edir və bayaq qeyd etdiyim kimi, möhkəm tarixi zəmin əsasında qurulubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan ənənəvi dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirək, yeni məna ilə zənginləşdirək və beləliklə, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının imkanlarından maksimum şəkildə istifadə edək", -  deyə İlham Əliyev bildirib.

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan və Gürcüstanı birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır.

"Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bu gün nəinki Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bu layihələrin uğurlu icrası nəticəsində biz dəmir yolu layihələrinə başladıq. Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də elektrik enerjisi sahəsindəki əməkdaşlıqdır. Biz başqa sahələrdə də əməkdaşlığa çox böyük maraqla və həvəslə baxırıq. Əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, biz bu günə qədər müəyyən etdiyimiz məsələləri birlikdə, güclü koordinasiya şəklində həll etmişik.
Bu gün bölgədə mövcud olan vəziyyət və ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması diktə edir ki, biz irəliyə baxmalıyıq, yeni layihələri aşkar etməliyik, onları icra etməliyik və beləliklə, Gürcüstanla Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirməliyik.
Mən bir daha demək istəyirəm ki, qardaş Gürcüstan torpağında olmağımdan çox məmnunam. Əminəm ki, Sizin rəhbərliyinizlə Gürcüstan bundan sonra da uğurla inkişaf etməyə davam edəcək və Sizin qoyduğunuz bütün vəzifələr uğurla icra ediləcəkdir", - Azərbaycan Prezidenti deyib.

"Rustavi-2" televiziya kanalının müxbirinin sulanına cavab verərkən, Prezident İlham Əliyev Gürcüstan-Azərbaycan strateji dostluğunun və müttəfiqliyinin artıq dünya miqyasında çox mühüm amilə çevrilidiyini bildirib.

"Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bizim dəmir yolu sahəsində planlarımız reallaşır, energetika sahəsində birgə başladığımız və uğurla icra etdiyimiz layihələr bu gün artıq regional müstəvidən çıxıbdır. Gürcüstan-Azərbaycan strateji dostluğu və müttəfiqliyi artıq dünya miqyasında çox mühüm amilə çevrilibdir. Bizim əlaqələrimizin möhkəmlənməsi, yeni məsələlərin həlli nəticəsində bölgədə daha da proqnozlaşdırıla bilən vəziyyət yarana bilər. Biz bu əlaqələrə sadiqik. Bayaq qeyd etdiyimiz kimi, biz bu əlaqələrimizi dərin tarixi köklərə bağlayırıq. Bu əlaqələr xalqlar arasında olan əlaqələrdir. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, tarix boyu gürcü və Azərbaycan xalqları dostluq, mehribanlıq şəraitində yaşamışlar, bir-birilərinə böyük rəğbətlə yanaşırlar. Xalqlar arasındakı münasibətlər də ikitərəfli münasibətlərə öz töhfəsini verir.
Əlbəttə ki, biz iqtisadi, sənaye, siyasi məsələləri çox ciddi şəkildə müzakirə edirik. Amma bununla bərabər humanitar sahədə əməkdaşlıq da böyük məna daşıyır. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bizim ölkələrimiz arasında körpü rolunu oynayır. Onlar bizim ölkələrimizin dəyərli vətəndaşlarıdırlar, öz vətənlərinə böyük məhəbbətlə yanaşırlar və öz vətənpərvərlik borcunu şərəflə yerinə yetirirlər. Yəni ki, bizim aramızdakı münasibətlər hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin dərin tarixi kökləri vardır. Biz bugünkü reallıqlardan, imkanlardan səmərəli şəkildə istifadə edirik. Elə etməliyik ki, bundan sonrakı nəsillər də bu fikirlə və bu duyğularla yaşasınlar ki, Gürcüstan və Azərbaycan əbədi dostluq və qardaşlıq şəraitində yaşasınlar", - Prezident İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti