Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalifət partiyasının sədri müxalifət partiyalarının sifarişli birləşmələrini qəbul etmədiyini bildirib.
"Mən həmişə müxalifətin səmimi, öz iradəsi ilə birləşməsinin tərəfdarı olmuşam və sifarişli birlikləri qəbul etmirəm", - bunu cümə günü Trend-ə müxalif Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir.
Rüstəmxanlı deyib ki, xarici qüvvələrin Azərbaycanın milli maraqlarına nə qədər bağlı olduğunu və bu maraqları nə dərəcədə nəzərə aldığını, ən azı, onların Qarabağ məsələsinə olan münasibətindən görmək mümkündür.
VHP sədrinin fikrincə, müxalifətin bir araya gəlməsi əgər səmimi istəkdən doğursa, vacib bir prosesdir.
"İstənilən normal ölkədə güclü müxalifət olmasa, cəmiyyətin dərdini-sərini deyən, hüququ pozulan insanların hüququnu müdafiə edən, ölkənin düzgün yolla idarə olunmasına çalışan və müəyyən milli idealları qoruyan güclü müxalifət olmasa, təbii ki, bu ölkənin normal inkişafından söhbət gedə bilməz", - Rüstəmxanlı əlavə edib.