...

İlham Əliyev Qəbələdə "Qafqaz Riverside" hotelinin açılışında iştirak edib

Siyasət Materials 29 İyul 2010 19:22 (UTC +04:00)
İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə "Qafqaz Riverside" hotelinin açılışında iştirak edib.
İlham Əliyev Qəbələdə "Qafqaz Riverside" hotelinin açılışında iştirak edib

İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə "Qafqaz Riverside" hotelinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və turzim obyekti ilə yaxından tanış olub.

Məlumat verilib ki, 2008-ci ilin avqustunda inşasına başlanılan beşulduzlu hotel "Gilan Turizm" şirkətinə daxil olan ən böyük layihələrdən biridir. Dövlətimizin başçısı bu ilin fevralında Qəbələyə səfəri zamanı hotelin tikintisi ilə tanış olmuşdu.

Bildirilib ki, 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebel və aksesuarlardan istifadə olunub. Burada 96-sı "Superior", 12-si "Junior suit", 6-sı "Deluks suit", 4-ü "Dubleks suit" və 5-i "Kral suit" olmaqla, cəmi 123 nömrə var. Nömrələrdə qonaqların istirahətinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib.

Diqqətə çatdırılıb ki, hotelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunub. Ailəvi istirahət üçün ideal şəraitə malik olan kotteclərdə amerikan mətbəxi qonaqların ixtiyarına verilib. Hotelin qonaqları gün ərzində otaq xidməti, faks-kseroks, örtülü avtodayanacaq, camaşırxana, ticarət mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də faydalana bilərlər. Burada 300 nəfərlik yeməkxana və sifarişlə işləyən 150 nəfərlik restoran fəaliyyət göstərir.

Restoranda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada bilərlər. Hoteldə zəngin menyu təqdim edən bir neçə bar da var. Açıq havada xoş saatlar keçirmək istəyənlər üçün 70 nəfərlik bağça yaradılıb. Bundan əlavə, zəngin çeşiddə şirniyyat güşəsi də qonaqların xidmətindədir. Konfrans, iclas, seminar, təqdimat mərasimlərinin keçirilməsi üçün burada 25 nəfərlik iki və 150 nəfərlik bir iclas zalları var. Hoteldə sağlamlıq mərkəzi, sauna, türk hamamı, açıq və örtülü hovuz, idman zalı da yaradılıb. Qonaqlar asudə vaxtlarını bilyard və stolüstü oyun zallarında səmərəli keçirə bilərlər. Uşaqlar da unudulmayıblar, onların əylənməsi üçün oyun meydançası inşa olunub.

Xəbər lenti

Xəbər lenti