...

Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır – Türkiyə Prezidenti Abdullah Gül

Siyasət Materials 17 Avqust 2010 00:39 (UTC +04:00)

Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunu Türkiyə Prezidenti Abdullah Gül Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

"Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı şübhəsiz ki, çox geniş müzakirələr apardıq, son vəziyyəti cənab Prezident ətraflı şəkildə izah etdi. Əminik ki, biz Qafqazı sabit əməkdaşlıq bölgəsinə çevirəcəyik. Bunun üçün də bu problem həll edilməlidir. Bu münaqişə 18 ildir bu qaydada davam etmişdir, bundan sonra belə davam etməməlidir. Bunun üçün mütləq görüşmək, müzakirə aparmaq, bəzən açıq, bəzən gizli diplomatik fəaliyyət göstərmək lazımdır. Şübhəsiz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu hər kəs bilməlidir. Çünki BMT-nin tanıdığı sərhədlərin hər hansı şəkildə başqa bir ölkə tərəfindən işğalı nə beynəlxalq hüquq tərəfindən qəbul edilə, nə də hər hansı şəkildə müsbət qarşılana bilər. Bu baxımdan bu problemin həlli üçün hamımız hər cür kömək göstərməyə davam edəcəyik" Türkiyə Prezidenti deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Onun bildirdiyinə görə, Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün həyata keçirilməli olan tədbirlər barədə bu gün yenə ətraflı müzakirələr aparılıb.

"Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırılması - bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müzakirə etdik. Bunu müzakirə edərək, qısa müddət ərzində bu problemin həllinin zəruri olduğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının çox çətin şəraitdə yaşadığını bilirik. Əslində bütün dünya bu həqiqəti görməlidir. Uzun illərdir, 18 ildir ki, dünyada bu problemə kifayət qədər diqqət yetirilmədi. Ümid edirik ki, artıq bunun da zamanı gəlib çatmışdır və bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir.
Bu istiqamətdə fəaliyyətimizə və müzakirələrimizə davam edəcəyik. Çünki bu məsələni dondurulmuş şəkildə saxlamaq doğru deyildir. Dondurulmuş münaqişələr gözlənilmədən çox böyük problemə çevrilə bilər. BMT-nin müraciəti var, bir az əvvəl Sizin dediyiniz kimi, İslam Konfransı Təşkilatının, digər beynəlxalq təşkilatların hər zaman müraciətləri olmuşdur. Bütün bu müraciətləri nəzərə alaraq, dost ölkələr, region ölkələri, bu regionla tarixi əlaqələri olan bütün qonşu ölkələr problemin həlli istiqamətində son dərəcə fəal olmalı və kömək etməlidirlər. Ümid edirəm ki, əvvəlki illərdə bu istiqamətdəki görülən işlər yenə intensiv qaydada davam edəcəkdir.

Türkiyə bu istiqamətdə fəaliyyətinə davam edəcək, şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi aparacaqdır. Qafqazın sabitlik və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün bütün problemləri müzakirə etməyimiz, bunları sülh şəraitində həll etməyimiz vacibdir. Bütün bunlar bölgədə daha geniş əməkdaşlığa, bölgədə sərhədlərin açılmasına, yeni yolların çəkilməsinə, daha böyük iqtisadi fəaliyyətə imkan verəcəkdir. Bunun üçün hamımız birlikdə bu fəaliyyəti həyata keçiririk. Bəzən siz görürsünüz, açıq müzakirə edirik. Bəzən də sizin görmədiyiniz, - diplomatiya belədir, böyük problemlər, çox mühüm problemlər belə həll olunur - səssiz, amma qətiyyətli fəaliyyətlə həll olunur.

Ümid edirəm ki, bölgədəki bütün problemlər həll ediləndən sonra daha geniş əməkdaşlıq məkanı ortaya çıxacaqdır. O zaman mövcud yollardan əlavə yeni yollar, yeni dəmir yolları çəkiləcəkdir. Bu bölgə inanılmaz şəkildə çox cəlbedici əraziyə çevriləcəkdir və bölgədəki bütün xalqlar daha firavan yaşayacaq, daha xoşbəxt olacaqdır" Gül açıqlamasında deyib.

Abdulla Gül Türkiyənin daim Azərbaycanın yanında olacağını da bildirib.

"Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz davam edəcəkdir. Mən bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də buradan bəyan etmək istəyirəm. Türk xalqının bütün azərbaycanlı qardaşlarına olan sevgi və məhəbbət duyğularını burada bir daha bütün azərbaycanlı qardaşlarıma mətbuat nümayəndələri vasitəsilə bəyan etmək istəyirəm. Bizə göstərilən qonaqpərvərlik və yaxın qardaşlıq münasibəti üçün bir daha təşəkkür edirəm" Türkiyə Prezidenti söyləyib.

Qardaş Azərbaycana bu səfərimlə əlaqədar böyük qonaqpərvərliyə görə təşəkkür edən Gül özünü evdə hiss etdiyini deyib.

"Azərbaycana nə zaman gəlsək daim bu hissləri yaşamışıq və hər gəlişimizdə Azərbaycanın inkişaf etdiyini, gücləndiyini, daha da irəliyə parladığını görmək bizi xoşbəxt etməkdədir. Sizin də dediyiniz kimi, biz bir millətin ayrı-ayrı iki dövlətiyik. Bu iki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq və qardaşlıq hissləri ilə dolu olması vacibdir. Biz də bu anlayış çərçivəsində daim və tez-tez görüşürük, ətraflı məsləhətləşirik və əməkdaşlıq edirik. Bu həmrəyliyimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bugünkü səfərimdə Sizinlə təkbətək və geniş tərkibdə görüşlərdə bütün bu məsələləri müzakirə etdik. İkitərəfli əlaqələrimiz siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etməkdədir. Bunları daha çox inkişaf etdirmək üçün bu gün bir çox tədbirləri də müzakirə etdik. Daha çox qarşılıqlı iş qurmaları, qarşılıqlı sərmayə qoymaları üçün şirkətlərimizi qarşılıqlı olaraq təşviq edirik. Azərbaycan şirkətlərinin Türkiyəyə qoyduqları sərmayələrdən böyük bir məmnuniyyət duyuruq. Türk şirkətlərinin də buradakı uğurları ilə qürur duyuruq.

Siyasi sahədəki əlaqələrimiz də mühüm əhəmiyyət kəsb edir. Bunu eyni qaydada davam etdirəcəyik. Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə bunun ən bariz nümunəsidir. Bu müqaviləyə müvafiq olaraq həmrəyliyimizi gücləndirərək inkişaf etdirəcəyik" Türkiyənin dövlət başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti