Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri görüş zamanı viza rejiminin ləğvi məsələsinin müzakirə edildiyini bildiriblər.
"Türkiyə ilə Azərbaycan arasında çoxsaylı müqavilələrin olması aramızdakı əlaqələrin inkişafı üçün hüquqi zəmin yaradır. Beləliklə, deyə bilərəm ki, bütün sahələrdə aramızdakı əlaqələri hüquqi sənədlər tənzimləyir. Viza məsələsi də bu gün müzakirə olundu. Bu məsələnin həlli üçün Azərbaycan da daxili prosedurlar keçməlidir. Bu məsələlər daxildə bir daha müzakirə edilməlidir. Bildiyiniz kimi, Türkiyə bütün türkdilli ölkələrlə vizaların birtərəfli qaydada qaldırılması üçün praktiki addımlar atmışdır. Biz bu addıma görə çox minnətdarıq. Ümid edirəm ki, bütün daxili prosedurlar başa çatandan sonra Azərbaycan tərəfindən də buna bənzər addım atılacaqdır" Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə Prezidenti Abdullah Güllə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Türkiyə Prezidenti də iki ölkə arasında viza rejiminin aradan qaldırılacağına ümid etdiyini söyləyib.
"Viza ilə bağlı məsələni təbii ki, müzakirə etdik. Hazırkı durumda Azərbaycanın bəzi mülahizələri vardır ki, bu məsələləri aidiyyatı qurumlarımız müzakirə edəcəklər və ümid edirəm ki, bu iş yaxın zamanlarda başa çatacaqdır" Gül deyib.