...

Azərbaycan Parlamentinin deputatı Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Siyasət Materials 18 Avqust 2010 16:42 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmidlə görüşüb və Pakistanda daşqın və sel fəlakəti nəticəsində dünyasını dəyişənlərlə bağlı başsağlığı verib.
Azərbaycan Parlamentinin deputatı Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmidlə görüşüb və Pakistanda daşqın və sel fəlakəti nəticəsində dünyasını dəyişənlərlə bağlı başsağlığı verib.

"Azərbaycan da həmişə dost-qardaş ölkə kimi Pakistanı dəstəkləyib. Pakistan üçün bu ağır günlərdə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Pakistana yardım ayıran ilk ölkələrdən oldu. Cənab Prezidentin bu addımı vətəndaşlarımız üçün də gözəl bir örnəkdir", - Paşayeva deyib.

Pakistandakı sel, daşqın fəlakəti nəticəsində 20 milyon insan zərər çəkib, öz ev-eşiyini itirib, 2000-dən artıq insanın həyatına son qoyulub, 7 minə yaxın kənd sel suları altında qalıb, ölkənin yaşayışına, əmlakına və fiziki infrastrukturuna külli miqdarda ziyan dəyib.

Pakistan Səfirliyinin Azərbaycan vətəndaşlarına çağırışını xatırladan Paşayeva Müqəddəs Ramazan ayının ən böyük mənalarından birinin ehtiyacı olanlara yardım etmək olduğunu deyib. Millət vəkili Pakistanda sel fəlakəti nəticəsində ağır vəziyyətə düşən milyonlarla müsəlman bacı-qardaşlarımıza dəstək göstərmək üçün duyarlı hər bir insanımızın öz yardımını əsirgəməyəcəyinə inandığını bildirib.

"BMT bu fəlakəti 2004-cü ildəki sunamidən və bu yaxınlarda ABŞ-da baş vermiş zəlzələlərdən daha dəhşətli adlandırıb. Beynəlxalq səhiyyə qurumları Pakistanda vəba epidemiyasının yayıla biləcəyi ilə bağlı həyəcan təbili çalır, səylərin yetərli olmayacağı təqdirdə, 300 000 pakistanlının bu qorxulu epidemiyaya yoluxa biləcəyi barədə açıqlamalar verirlər. Hər bir duyarlı azərbaycanlı pakistanlı qardaş-bacılarımıza yardım göstərmək üçün əlindən gələni əsirgəməməlidir. Bəlkə kimsə düşünə bilər ki, bir nəfərin hesaba köçürəcəyi 10-20 manat nəyi dəyişə bilər? Amma minlərlə azərbaycanlı bu addımı atsa, görün, nə qədər dəstək ola bilərik", - deputat qeyd edib.

Azərbaycan-Pakistan Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Azərbaycandan kənarda yaşayan azərbaycanlıların və dünyada yaşayan bütün türkləri də dost-qardaş Pakistana dəstək göstərməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti