...

Rusiya ilə Ermənistan arasında hərbi protokolun imzalanmasını həyəcanla yanaşmağa ehtiyac yoxdur - Azərbaycanın xarici işlər nazirinin müavini

Siyasət Materials 28 Avqust 2010 19:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Rusiyanın hərbi bazasının Ermənistanda saxlanma müddətinin uzadılmasına dair sazişi həyəcanla qarşılamağa lüzum görmür.
Rusiya ilə Ermənistan arasında hərbi protokolun imzalanmasını həyəcanla yanaşmağa ehtiyac yoxdur - Azərbaycanın xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın xarici işlər nazirinin müavini Rusiyanın hərbi bazasının Ermənistanda saxlanma müddətinin uzadılmasına dair sazişi həyəcanla qarşılamağa lüzum görmür.

"Rusiya ilə Ermənistan arasında hərbi protokolun imzalanması iki ölkənin məsələsidir. Bu, iki ölkənin əlaqələrinə aiddir. Protokolun imzalanması Rusiyanın Ermənistanda hərbi məqsədlər güddüyünü göstərir. Bu onu göstərir ki, Rusiya Ermənistanın ərazisindən bir pladzdarm kimi istifadə edir və Rusiya bu hərbi əlaqələrə uzun müddətli yanaşır. Əsas nəticə budur. Ona görə də bu məsələyə həyəcanla yanaşmağa ehtiyac yoxdur." Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Nazir müavininin sözlərinə görə, gələcəkdə bu hərbi bazanın yerləşdirilməsi səbəbi və ümumiyyətlə, vəziyyət dəyişə bilər.

"Biz əvvəlcədən də bunu gözləyirdik və Rusiya-Ermənistan münasibətlərində həqiqəti bilirdik" Əzimov əlavə edib.

Nazir müavini Rusiyanın Azərbaycanla öz ikitərəfli əlaqələrinin olduğunu bildirib.

"Bizim bu əlaqələri genişləndirmək niyyətimiz var. Ümid edirik ki, Rusiya da bu niyyətdədir. Bu protokol nəyi dəyişir məsələsinə gəlincə, prinsip etibarilə Rusiya Ermənistanda neçə illərdir ki, hərbi baza saxlayır. Bu bazanın saxlanması 25 ilə nəzərdə tutulmuşdu. Protokolun imzalanması ilə müddət 24 il də artırılıb. Prinsipcə, bu bazanın orada saxlanması müddəti uzanır. Ermənistanda yerləşən bazanın rolu və hansısa bir təsiri yəqin ki, 25 il ərzində də özünü göstərə bilərdi. Vaxtı uzatmağı nəzərə almasaq, burada prinsipial dəyişiklik görmürəm. Sadəcə, bu bir daha Rusiyanın Ermənistanla əlaqələrinin xüsusiyyətini göstərir" XİN rəsmisi deyib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

Xəbər lenti

Xəbər lenti