...

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 7 Sentyabr 2010 12:25 (UTC +04:00)
Brüsseldə sentyabrın 10-da Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçiriləcək.
Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Ağayeva/

Brüsseldə sentyabrın 10-da Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçiriləcək. Bu barədə çərşənbə axşamı XİN-in mətbuat xidməti məlumat yayıb.

İclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

"İclas zamanı Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi, xüsusən, Fəaliyyət Planının 2009-cu ildə icrası ilə bağlı "Tərəqqi Hesabatı"na dair Azərbaycanın mövqeyi, "Şərq Tərəfdaşlığı" çərçivəsində assosiasiya sazişi üzrə danışıqlar, insan hüquqları və demokratikləşdirmə, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, ticarət, enerji sahələrində əməkdaşlıq və digər məsələlərin müzakirəsi gözlənilir", - məlumatda qeyd olunur.

Həmçinin, iclasda Aİ-Azərbaycan yeni "Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri", "Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri" üzrə alt-komitələrin yaradılması barədə yekun qərarın qəbul olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti