Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif "İslahat" seçki bloku qeydiyyat üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə cümə günü Trend-ə "İslahat" seçki blokunun həmtəsisçisi, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.
"Sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Qanunla nəzərdə tutulan 5 gün ərzində blokun təsdiq olunub-olunmaması məsələsi öz həllini tapacaq", - Mustafa əlavə edib.
"İslahat" seçki bloku avqustun 30-da Böyük Quruluş, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının həmtəsisçiliyi ilə yaradılıb. Seçki bloku müxalifətdə yeni ənənələr yaratmağı qarşıya məqsəd qoyub.
Partiya sədri bildirib ki, namizədlərin siyahısı blok qeydə alınandan sonra açıqlanacaq. "Hələ ki, blokun qeydə alınıb-alınmaması məsələsi var. Bu məsələ öz həllini tapmamış namizədlərin açıqlanması doğru deyil. Təqribən 110 nəfərə yaxın namizədimiz var", - Mustafa deyib.
Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.