Gürcüstan, Tbilisi, 22 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Bu gecə ABŞ-ın Gürcüstandakı Səfirliyi yaxınlığında yerləşən Tbilisi qəbiristanlığında güclü partlayış baş verib. Polisdən Trend-ə verilən məlumata görə, partlayıcı qurğu gecə saat 01:30-da (Tbilisi vaxtı ilə) işə salınıb.
Partlayışdan zərərçəkən olmayıb, yalnız qəbiristanlıqdakı bina zədələnib.
Hadisə yerinə gələn polis və kriminalistlər qəbiristanlıq ərazisində daha bir şübhəli qurğu aşkar ediblər və o, yerində zərərsizləşdirilib.
Polis əldəqayırma qurğunun partladıldığını bəyan edib. İnsident araşdırılır.
Bu arada yerli sakinlər partlayışın çox güclü olduğunu qeyd ediblər.